Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: ''Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək''

Prezident İlham Əliyev: ''Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək''

Tarix: 19 Mart 2020 15:15

Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib:

"Bu il iqtisadi sahədə əldə edilmiş uğurlar əlbəttə ki, bizi çox sevindirir. İki ayda ümumi daxili məhsul 2,8 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artmışdır. Əhalinin pul gəlirləri 9 faiz artmışdır, inflyasiya isə cəmi 2,8 faizdir.

Yenə də islahatlar hesabına və şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə proqnozdan əlavə 252 milyon manat daxil edilmişdir. Bu, bir daha onu göstərir ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir.

Bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır - Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş 7 min mənzil tikilib istifadəyə veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşiblər. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar".


Etiketlər:  Prezident İlham Əliyev Baxmayaraq dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ