Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 17:48
Azərbaycanda koronavirusun yayılmasına qarşı tədbirlər elə miqyasda həyata keçirilir ki, görülmüş işlərin məzmunu və cari səmərəsi barədə cəmiyyətimizə mümkün qədər tez-tez ətraflı məlumat verilməsi özünü yüksək səviyyədə doğruldan fəaliyyət formasına çevrilib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, görülmüş tədbirlərin nəticələri ilə bərabər qarşıdakı mərhələ üçün cəmiyyətin və tək-tək insanların vəzifələrinin kompleks şəkildə müəyyənləşdirilməsi işin səmərəlilik əmsalını bir neçə dəfə artırır:
"Prezident İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsindəki fikirlərini epidemiyaya qarşı indiyədək görülmüş işlərin qiymətləndirilməsi baxımından şəraitin tələbinə ən uyğun addım kimi qiymətləndirmək lazımdır. Cəmiyyətimizdə az da olsa hələ də elə insanlar var ki, pandemiyanın real təhlükə dərəcəsini lazımi qədər dərk etmir və bu təhlükənin qarşısını almaq sahəsində bütün məsuliyyəti dövlət orqanlarının üzərinə qoymaqla, bir fərd olaraq öz şəxsi səylərinın rolunu tam təsəvvür edə bilmir.
Prezidentin AzTV-yə müsahibəsi hər bir vətəndaşın epidemiya ilə ümumi mübarizə işinə nələr verə biləcəyinin təqdim olunması baxımından mühüm yönəldici və toparlayıcı təsirə malikdir. Dövlət başçısının fikirlərinin təsir gücü həm də ondadır ki, koronavirusla mübarizədə dövlətimizin və cəmiyyətimizin malik olduğu real və potensial imkanların tam çərçivəsini təsvir edə bildi. Koronavirus təhlükəsinə qarşı mübarizədə hər bir fərdin öz gücünə sarsılmaz inamını yaratmağa əvvəldən böyük ehtiyac var idi ki, Prezident bu missiyanı yüksək səviyyədə yerinə yetirdi".
Baş redaktor bildirib ki, ölkə başçısının bu müsahibədə uğurla yerinə yetirdiyi başqa bir misiya dövlətin, cəmiyyətin və vətəndaşların birləşmiş gücünü epidemiya fəsadları ilə mübarizənin yeganə həlledici ideologiyası kimi təsdiq etməkdən ibarət oldu:
"Prezident əslində bütün cəmiyyətə bir daha bəyan etdi ki, dövlətin, cəmiyyətin və vətəndaşlarin gücü bir araya toplanmasa epidemiya təhlükəsinə qalib gəlmək mümkün olmayacaq. Bu mənada Prezident müsahibəsində koronavirusla səmərəli mübarizənin qələbə ideologiyasını hazırladı. Prezident ümummilli təhlükə ilə uğurlu mübarizəni milli-mənəvi dəyərlərimizlə əlaqələndirdi. Bu dəyərlərimizin və vətəndaş həmrəyliyinin cəmiyyət üçün sarsılmaz dayaqlar kimi xarakterizə edilməsi Azərbaycan dövlətçiliyinin hansı milli, ideoloji, sosial və humanitar əsaslar üzərində dayandığını bir daha nümayiş etdirdi.
Yaşlı nəslin xəstəlikdən xüsusi mühafizə işi cəmiyyətin və dövlətin mühüm vəzifələrindən biri kimi təqdim edildi. Prezident yaşlı insanların mühafizəsi barədə fikirləri ilə dövlət siyasətinin konstitusion-hüquqi və humanist mahiyyətini bir daha təsdiqlədi. "Dövlət siyasətində humanizm yarımçıq ola bilməz və yaşından asılı olmayaraq hər kəsi əhatə etməlidir" prinsipi İlham Əliyevin müsahibəsində bütün dünyaya bəyan edildi. "Yaşlı nəslin naminə və yaşlı nəsillə birgə" dövlət siyasəti aparmaq Prezidentin nümayiş etdirdiyi dəyərli tezislərdən biri oldu. Dünyada bəzi ölkələrin yaşa görə öz vətəndaşlarının bir hissəsini taleyin ixtiyarına atdığı bir dövrdə İlham Əliyev yaşlı insanların müdafiəsini önə çəkməklə, həm də Qərbin liberal demokratiya ideyalarının bəzən sözlərdən uzağa getmədiyinə diqqət çəkdi.
Digər diqqət çəkən məqamlardan biri də Prezidentin nəsillərin həmrəyliyini, könüllülərin fəaliyyətini, sahibkarların işçilərə həssas münasibətini və hər kəsin həkimlərə qayğıkeş yanaşmasını ümumi işimizin qələbə şərtlərindən biri kimi əsaslandırması oldu".
Ekspert bildirib ki, hətta ən çətin anlarda belə dövlət siyasətinin sosial məzmununun dəyişməz qaldığını bir daha dövlət başçısının çıxışının əsas xətlərindən biri kimi gördük:
"Sahibkarlara növbəti dəfə işçilərin ixtisar edilməməsi ilə bağlı verilən tövsiyə dövlətin qarşısında duran başlıca xətdir. "Əks halda həmrəyliyimiz pozular" deyən Prezident ümummilli həmrəyliyin dövlətçilikdə və təhlükələrlə mübarizədə nə qədər etibarlı dayaq olduğunu bir daha nümayiş etdirdi".