Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 16:16
Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə müraciət edib.
Trend-in məlumatına görə, nazirin müraciətində deyilir:
"Hörmətli həmkarlar!
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkəmizdə #Koronavirus (COVİD-19) pandemiyasına qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. İlk olaraq dövlət başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əmək haqlarını bu fonda köçürmüşlər.
Hər bir Azərbaycan vətəndaşının, o cümlədən dövlət məmurlarının, iş adamlarının, sadə insanların səyləri ilə fondda artıq 100 milyon manatdan çox vəsait toplanmışdır.
İqtisadiyyat Nazirliyi, onun strukturuna daxil olan və tabeliyində olan qurumların rəhbər vəzifəli şəxsləri və sıravi əməkdaşları olaraq siz də həmrəylik, birlik və vətəndaşlıq məsuliyyəti nümayiş etdirərək bu nəcib addımdan kənarda qalmamısınız, adıçəkilən sosial təşəbbüsü könüllü olaraq əmək haqları və ianələr ilə dəstəkləmisiniz.
Hər birinizə dərin minnətdarlığımı bildirir, sizinlə birlikdə çalışmaqdan qürur hissi keçirdiyimi ifadə etmək istəyirəm. Belə bir məsuliyyətli zamanda bütün çətinlikləri birlikdə dəf edəcəyimizə, bu sınaqdan da üzüağ çıxacağımıza əminəm!"