Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elçin Süleymanov: Sosial paketdə tələbələrin təhsil haqqının ödənilməsinin nəzərə alınması əhəmiyyətli addımlardan biridir

Elçin Süleymanov: Sosial paketdə tələbələrin təhsil haqqının ödənilməsinin nəzərə alınması əhəmiyyətli addımlardan biridir

Tarix: 3 Aprel 2020 10:36

"Koronavirus pandemiyasından zərər çəkən Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə övladları təhsil haqqı ödəyən valideynlərin də nəzərə alınması əhəmiyyətli addımlardan biridir".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, hazırkı dövrdə təhsilə dəstəyin göstərilməsi lazımdır.

"Koronavirus pandemiyası ilə əlaqədar inkişaf etmiş ölkələrdə çox əhəmiyyətli iqtisadi paketlər hazırlanır. Azərbaycan da bu virusa qarşı qabaqlayıcı tədbirlər həyata keçirən ölkələrdən biridir. Bu məqsədlə bütün təhsil müəssisələrində tədrisin dayandırılması da əhəmiyyətli addımlardandır. Eyni zamanda, iqtisadi dəstək proqramların təşkilini, eləcə də sosial həssas qrupa daxil edilən ailələrin üzvü olan tələbələrə dəstəyin göstərilməsini alqışlamaq lazımdır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstəyin göstərilməsi ilə bağlı müzakirələrin aparılması onu göstərir ki, koronavirusun iqtisadi təsirlərini müəyyən edərkən bu ailələrin övladlarının təhsil haqqı məsələsi də dövlətin diqqətindən yayınmayıb".

Azərbaycanda tələbələrin çoxunun dövlət sifarişi ilə təhsil almasını xüsusi müsbət məqam kimi dəyərləndirən E.Süleymanov bildirib ki, tələbələrə dövlət dəstəyinin göstərilməsi hökumətin siyasətinin daim tərkib hissəsi olub:

"Hazırda onsuz da təhsil müəssisələri onlayn tədrisə keçib və təhsil haqqının ödənilməsini əsas problem kimi görmürlər. Amma buna baxmayaraq, hökumət bu istiqamətdə də həssas davranır və əhalinin həssas təbəqələrindən olan ailələrin zərər çəkməməsi üçün tələbələrin təhsil haqqının ödənilməsi məsələsini də paketə salıb".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

Bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.

Sənədə əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı da icra ediləcək. Bunun üçün xüsusi vəsaitlərin ayrılması nəzərdə tutulur.


Etiketlər:  Elçin Süleymanov Sosial paketdə tələbələrin təhsil haqqının ödənilməsinin nəzərə alınması əhəmiyyətli addımlardan biridir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ