Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 19:42
Koronavirus pandemiyası qlobal ərzaq təchizatını pozub və dünya boyu kənd təsərrüfatı sahəsində işçi çatışmazlığına səbəb olur.
Dünya boyu insanlar karantinə hazırlaşdığı bir vaxt, müştərilərin panika ilə ərzaq alması nəticəsində supermarketlərdə makaron və un kimi məhsullar qurtarıb.
Ət və süd məhsulları istehsalçıları habelə meyvə və tərəvəz fermerləri təchizatlarını restoranlardan ərzaq mağazalarına keçirməkdə çətinlik çəkirdi. Bu da istehlakçlarda ərzaq çatışmazlığının olduğuna dair düşüncə yaratdı.
Pərakəndə satıcılar və rəsmilər deyir ki, çatışmazlıq yoxdur və əksər məhsullar yenidən marketlərə gətiriləcək. Avropa və Şimali Amerikada çörəkxanalar və makaron fabrikləri istehsallarını artırıb.
Ərzaq şirkətləri deyir ki, ailələr artıq çox sayda məhsul aldıqları və karantin qaydalarına əməl etməyə başladıqları üçün məhsulların panika halında alınması azalıb.
Lakin ərzaqların tarladan boşqaba gətirilmə prosesi təsirlənib və uzun-müddətli problemlərin olacağına işarə edir.
Qısa müddətdə hava karqosu və yük maşını sürücülərinin çatışmazlığı təzə yemək tədarükünə maneə törədir.
Uzun müddətdə isə işçi çatışmazlığı əkin və məhsul yığımına təsir göstərir və qıtlığa, habelə əsas qida məhsullarının qiymətlərinin artmasına gətirib çıxara bilər.
Uçuşlar dayandırıldığı və yük konteynerlərini tapmaqda çətinlik çəkildiyi üçün Birləşmiş Ştatlara Afrika və Avropadan tərəvəz, Cənubi Amerikadan isə meyvə çatdırılmasında maneələr törədilib.
İşçi çatışmazlığı həmçinin məhsulların tarlalarda çürüməsinə səbəb ola bilər.
Avropada bahar gəldiyi üçün fermerlər çiyələk və quşqonmazı yığmaq üçün kifayət qədər işçi tapa bilmirlər, çünki sərhədlərin bağlanması ilə xaricdən işçi axını dayanıb. Fransa vətəndaşlarını 200 min işçi çatışmazlığını aradan qaldırmağa yardım etməyə çağırıb.
Buğda fyuçersləri mart ayında son iki ayın ən yüksək həddinə çatıb, çünki un və məmulatları və makaron məhsullarına tələb artıb.
Tailandın bençmark ağ düyüsünün qiyməti son səkkiz ildə ən yüksək səviyyəyə çatıb.
Hələ ki, əmtəə qiymətlərində artım ərzaqların qiymətinin dərhal artmasına gətirib çıxarmır, çünki ərzaq şirkətləri xam məhsulları əvvəlcədən alır. Lakin davamlı artım əvvəl-axır istehlakçıların ərzaqları daha baha qiymətə almalarına səbəb ola bilər.
Bəzi yoxsul ölkələr ərzaqların qiymətlərini sabit tutmaq üçün qida sənayesinə subsidiyalar verir.
Analitiklər deyir ki, ən çox istehlak olunan qidaların qlobal tədarükü adekvatdır. Buğda istehsalının bu il rekord səviyyəyə çatacağı proqnozlaşdırılır.