Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Nazir Milli Məclisdə hesabat verib - YENİLƏNİB

Baş Nazir Milli Məclisdə hesabat verib - YENİLƏNİB

Tarix: 9 Aprel 2020 14:33

Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisdə videohesabat verib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndərilib.

Baş nazir bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir.

Əli Əsədov vurğulayıb ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb:

"Hesabat ili Azərbaycan üçün uğurlu il olub. Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib".

Baş Nazir əlavə edib ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin gücləndiyi bir şəraitdə islahat proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində 2019-cu ildə makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib. Belə ki, 2018-ci illə müqayisədə Ümumi Daxili Məhsul real ifadədə 2,2 faiz, sənaye məhsulu istehsalı isə 1,8 faiz artıb.

Qeyd olunub ki, hesabat ilində əlavə dəyər istehsalı qeyri-neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz çox olub. "Xüsusi olaraq qeyd etmək istərdim ki, makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin həyat səviyyəsinin qorunması məqsədilə hökumət inflyasiyanın minimal səviyyədə saxlanılmasına böyük əhəmiyyət verir. Həyata keçirilən tədbirlər nəticəsində inflyasiyanın səviyyəsi 2019-cu ildə 2,6 faiz təşkil edib. Hesabat ilində ölkədə işsizliyin səviyyəsi ən aşağı həddə olmaqla 4,8 faiz təşkil edib. Perspektiv dövrdə məşğulluq siyasətinin daha da gücləndirilməsi iqtisadi və sosial siyasətin ən mühüm vəzifəsi kimi diqqət mərkəzində saxlanılacaq", - deyə Baş Nazir vurğulayıb.

Əli Əsədov bildirib ki, 2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Orta aylıq nominal əməkhaqqı isə 16,6 faiz artaraq 635 manat təşkil edib. İnflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əməkhaqqı isə 14 faiz bəndi üstələyib.

Baş Nazir deyib: "Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat və ya 104,5 faiz, xərcləri isə 24,4 milyard manat və ya 97,0 faiz səviyyəsində icra olunub. Ötən dövrdə dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Nəticədə vergi və gömrük borcları üzrə yığım səviyyəsi yüksəlib, qeydiyyatdan keçmiş ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artıb. Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 milyard dollara çatıb və ÜDM-in həcmini üstələyib. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 milyard dolları ötüb. Hesabat ilinin sonuna xarici dövlət borcunun məbləği 9 milyard 91 milyon ABŞ dolları təşkil edib. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2019-cu ildə ÜDM-in 18,9 faizini təşkil edib. Əvvəlki illə müqayisədə 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artıb. Bu investisiyaların 70 faizi daxili, 30 faizi xarici mənbələr hesabına formalaşıb".


Etiketlər:  Baş Nazir Milli Məclisdə hesabat verib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ