Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 11:08
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın bank sektorunun aktivləri 2019-cu il ərzində 10,9% (3,2 mlrd. manat) artaraq 32,7 mlrd. manat təşkil edib ki, bu da qeyri-neft ÜDM-in 65%-dir.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatda deyilir.
Bank aktivlərinin 45%-ni (14,9 mlrd. manat) müştərilərə verilmiş kreditlər təşkil edir. 2019-cu ildə kredit qoyuluşları 17,5% artıb ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin 22,1% artmasından irəli gəlib.
2019-cu il ərzində bank sektorunun cəmi öhdəlikləri 10,7% (2,7 mlrd. manat) artaraq 28,1 mlrd. manat təşkil edib. Depozitlər cəmi öhdəliklərin 75,8%-i həcmindədir ki, bunun da 40%-i (8,7 mlrd. manat) əhalinin əmanətləridir. Əhalinin bank əmanətləri 3,1% artaraq 8,7 mlrd. manata çatıb. Əmanətlərin 84%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.