Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 14:09
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) yaxın zamanlarda istifadəyə verilməsi gözlənilir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Yunanıstanın Energetika və ətraf mühit naziri Kostis Hadzidakis deyib.
O bildirib ki, IGB Bolqarıstana təbii qaz idxalı mənbələri və marşrutlarını şaxələndirməyə imkan verəcək:
"IGB-nin tezliklə istifadəyə veriləcəyi gözlənilir. Bu, Yunanıstanın geostrateji mövqeyinin möhkəmləndirilməsi və ölkənin regional enerji qovşağı qismində rolunun artmasa baxımından çox vacibdir. Bu kontekstdə, həmçinin Aleksandrupolisdə TAP və IGB-yə qoşulacaq və qəbul, saxlama və təkrar qazlaşdırma üçün nəzərdə tutulan üzən qurğunun tikintisi layihəsini, eləcə də Kavalada yeraltı qaz anbarını qeyd etmək lazımdır".
Qeyd edək ki, IGB interkonnektoru Bolqarıstana "Şahdəniz-2" yatağından əldə edilən Azərbaycan qazını almağa imkan verəcək. IGB "Şahdəniz" yatağının ikinci mərhələsindən qazın Avropa bazarlarına çıxarılacağı TAP ilə birləşdiriləcək.
Birinci mərhələdə qaz kəmərinin ötürücülük qabiliyyəti 3 milyard kubmetr qaz təşkil edəcək ki, bunun da 2,7 milyard kubmetri uzunmüddətli bazarlara, 0,3 milyard kubmetr həcmində qalan pay isə qısamüddətli bazarlara yönəldiləcək.
İkinci mərhələdə bazarın inkişafından asılı olaraq, boru kəmərinin ötürücülük qabiliyyəti əlavə kompressor stansiyası sayəsində 5,3 milyard kubmetrə qədər artırıla bilər ki, bunun da 4,5 milyard kubmetri uzunmüddətli bazarlara, 0,5 milyard kubmetri isə qısamüddətli bazarlara yönəldiləcək.