Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 18:57
Sonxeber.net newtimes.az-ın yazısını təqdim edir:
Hazırkı tarixi mərhələdə siyasi liderlərin dünyanın taleyində rolu daha da artıb. Siyasi nəzəriyyələrdə şəxsiyyətlərin fəaliyyəti üzərində geniş dayanılır. Siyasətçi öz davranışı ilə bütövlükdə dünyanın təkamül dinamikasını yeniləşdirə bilər. İlham Əliyev məhz bu səviyyədə qəbul edilən liderlərdəndir. Azərbaycan Prezidentinin Rusiyanın "Rossiya-24" televiziya kanalına verdiyi müsahibədən də bu aydın görünür. Dövlət başçısı lakonik, dərin məzmunlu və nəzəri-praktiki əhəmiyyətli fikirlər ifadə edib. İlham Əliyevin irəli sürdüyü tezislər müasir geosiyasi şəraitdə cərəyan edən hadisələrə obyektiv, geniş aspektdə və dərindən yanaşmağa imkan verir. Oxucu bir daha əmin olur ki, Azərbaycan sözün bütün mənalarında Cənubi Qafqazın lider dövləti olmağa layiqdir. Çünki bu ölkənin rəhbəri uzaqgörən, müdrik siyasətçidir.
Risklərlə dolu dünya: geosiyasi nizamın yeniləşmə dinamikası
Müasir dünyanın risklərlə dolu olduğunu etiraf edənlər çoxdur. Müxtəlif sahələrdə özünü göstərən böhranlar hətta siyasi liderlərin dünya nizamının yeniləşməsindən bəhs etməsinə əsas verməkdədir. Rusiya Prezidenti Vladimir Putin isə tez-tez qlobal geosiyasi xaotik vəziyyətdən danışır. Bütövlükdə müasir mərhələdə dünyanın geosiyasi turbulentliklə xarakterizə olunduğunu yazırlar. Analitik və ekspertlər isə müxtəlif aspektlərdə yeni dünya nizamının formalaşması prosesini təhlil edir, müəyyən proqnozlar verirlər. Henri Kissincer, Corc Fridman, Cozef Nay, Frensis Fukuyama, İqor İvanlov, Fyodor Lukyanov və başqa tanınmış mütəxəssislər həmin mövzuda zaman-zaman fikirlərini bildirir, eyni zamanda, proqnozlar verirlər.
Lakin indi haqqında danışılan məsələlər barədə Ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərində BMT-nin yüksək tribunasından bir neçə dəfə dəqiqliyi və dolğunluğu ilə bəhs edib. Heydər Əliyev dünyanın yeni bir nizama ehtiyacının yarandığını və bu məsələdə məsuliyyətin əsas olaraq böyük dövlətlərin üzərinə düşdüyünü ifadə etmişdi. Bunlarla yanaşı, BMT-nin təşəbbüsü ələ alması zərurətini vurğulamış, həmin kontekstdə Təhlükəsizlik Şurasında islahatların aparılması ehtiyacını önə çəkmişdi.
Artıq XXI əsrin ikinci onilliyinə qədəm qoymuşuq. Dünya siyasəti Ulu öndər Heydər Əliyevin vurğuladığı həmin problemlərdən xilas olmayıb. Və tarixin xoş bir anıdır ki, bu barədə Prezident İlham Əliyevə sual verilir. "Rossiya-24" televiziya kanalının əməkdaşının suallarından biri konkret olaraq aşağıdakı kimidir: "Sizcə, bu gün dünyada çoxqütblülük əlamətləri varmı?".
Sual təsadüfi verilmir. Məsələ ondan ibarətdir ki, son zamanlar dünyanın supergücləri arasında geosiyasi savaş yeni səviyyəyə yüksəlib və bir çox regionlarda risklər artıb. Bundan siyasi liderlər də narahat olmağa başlayıblar. Konkret olaraq, Yaxın Şərq ətrafında cərəyan edən geosiyasi-hərbi proseslər fonunda böyük dövlətlərin mübarizəsi getdikcə daha kəskin xarakter alır. Daha geniş miqyasda isə ABŞ-Çin qarşıdurması meydana daha mürəkkəb problemlər çıxarır.
Eyni zamanda, bu kimi sualları adətən dünya siyasətində hiss edilən yeri və mövqeyi olan liderlərə verirlər. Rusiyalı jurnalistin məhz İlham Əliyevə bu sualla müraciət etməsi həm Azərbaycan Prezidentinin şəxsiyyəti, siyasi-diplomatik nüfuzu ilə, həm də Azərbaycanın müstəqil dövlət kimi regional və qlobal geosiyasətdə oynadığı rolla bağlıdır. Həmin səbəbdən Azərbaycan rəhbərinin cavabı ekspertlərin böyük marağına səbəb olub.
İlham Əliyev suala cavab olaraq deyib: "Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir".
Burada dövlət başçısı yığcam şəkildə bir neçə tezisi ifadə edib. Birincisi, dünyada artıq bir neçə güc mərkəzi vardır və bu, birdəfəlik qəbul edilməlididr. Həm də bu faktor dünyanın çoxqütblü model üzrə inkişaf etməsi zərurətini ortaya atıb. İkincisi, məsələ bununla bitmir. Vurğulanan zərurətin ortada olmasına baxmayaraq, güc mərkəzləri kifayət qədər koordinasiyalı siyasət yeritmirlər ki, nəticədə də konkret regionlarda gərginlik artmaqdadır. Onların sırasında Cənubi Qafqaz da vardır. Üçüncüsü, buna baxmayaraq, artıq müəyyən müsbət tendensiyalar özünü göstərir. Məsələn, öncələr əməkdaşlıqda maraqlı olmayan böyük dövlətlər indi demək olar ki, müttəfiq kimi davranırlar. Bunun nəticəsidir ki, regionda sabitlik təmin edilir. Arzu olunandır ki, bu, belə davam etsin.
Bu kontekstdə Azərbaycan Prezidenti regiona ciddi təsirləri olan Rusiya, İran və Türkiyənin əlaqələri gücləndirməsini müsbət qiymətləndirir. Bu, müasir siyasi liderin praqmatik düşüncəyə malik olmasının əhəmiyyətini göstərir. Müqayisə üçün deyək ki, Nikol Paşinyan dövrün nəbzini tuta bilməyərək Türkiyə-Rusiya əlaqələrinin inkişafını özünə təhlükə kimi qəbul edir. Rəsmi İrəvan Azərbaycan-Rusiya münasibətlərinə də dövrün tələbləri səviyyəsində qiymət verə bilmir. Nəticə etibarilə Ermənistan rəhbərliyinin yeritdiyi siyasətin XXI əsrin ruhuna uyğun olmadığı aydın olur.
Yeni model zərurəti: İlham Əliyevin əsaslı tezisləri fonunda
Bu fikirlərin fonunda Azərbaycan dövlət başçısına verilən başqa bir sual da əhəmiyyətli görünür. Jurnalist növbəti sualı belə formalaşdırıb: "Hər halda, dünyada ölkələrdən birinin daha çox birqütblü dünyaya meyil etməsi əlaməti yoxdurmu?". Təbii, burada müəyyən dərəcədə təhrikçilik hiss olunur. Cənubi Qafqazın lider dövlətinin başçısının kiminsə tərəfində olması görüntüsü yaratmağa meyil duyulur. Ancaq İlham Əliyev hər şeyi incəliyinə qədər bilən yüksək səviyyəli siyasi liderdir.
Azərbaycan Prezidenti regionun lider dövlətinin rəhbərinə uyğun gələn təmkin, dərinlik və obyektivliklə sualı cavablandırır. Ölkə rəhbəri vurğulayır: "Bilirsiniz, iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur".
Yalnız siyasi-diplomatik fəaliyyətin nəzəri və praktiki aspektlərini mükəmməl mənimsəmiş və strateji təfəkkürə sahib olan lider belə dolğun cavab verə bilər. Azərbaycan Prezidenti incə diplomatik üsulla anladır ki, kimliyindən asılı olmayaraq, böyük dövlətlər həmişə öz maraqlarını öz sərhədlərindən kənarda da təmin etməyə can atır. Burada ayrı-seçkilik edib, konkret hansısa dövləti ittiham etmək doğru deyil. Digər tərəfdən, tarixən bu təsirlər də fərqli nisbətə malik olur: birinin təsiri artır, digəri azalır və s. Bu məqam da hər bir böyük dövlətə xas olan xüsusiyyətdir. "Buna görə məsələ bunda deyil". Məsələ müasir dünyanın geosiyasi konstruksiyanın özəlliyindədir ki, bu da çoxqütblülüyü tələb edir. Bu, olduqca əhəmiyyətli məqamdır.
Konkret olaraq, Azərbaycan Prezidenti çoxqütblülüyə qlobal mənzərənin dinamikasının dəyişməsi prizmasından yanaşır. Məsələnin bütün dünyanın həll etməli olduğu və həmin çərçivədə hər bir dövlətin məsuliyyət daşıdığı aspektdən diqqətə alınması lazımlığını vurğulayır. Yəni İlham Əliyev qlobal və strateji düşünür. Məhz həmin bağlılıqda konkret bir nümunə gətirən dövlət başçısı vurğulayır: "BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar". Burada Ulu öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərində məsələ ilə bağlı ifadə etdiyi fikirləri bir daha xatırlatmaq olar. Azərbaycanda siyasi varisliyin konkret məzmunu vardır ki, bu da müasir dövrün tələblərinə tam cavab verir.
Beləliklə, növbəti dəfə Azərbaycan Prezidenti təsdiq etdi ki, çox güclü və strateji düşünən, proseslərə geniş miqyasda obyektiv yanaşa bilən liderdir. Azərbaycan təsadüfən Cənubi Qafqazın lider ölkəsi deyil. Dövlət başçısının həyata keçirdiyi sistemli, ardıcıl, dərin düşünülmüş və qlobal miqyasda səmərə verən siyasətin bəhrələri göz qabağındadır. Buna görə siyasi liderlər doğru vurğulayırlar: "Azərbaycan Prezidenti müdrik liderdir"!