Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 17:03
Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan 30-dan çox ailəyə baş çəkərək, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər.
Polislər qonağı olduqları evlərdə yaşlı insanlarla səmimi söhbətlər edərək, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışıblar, onları maraqladıran sualları cavablandırıblar.
Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan şanlı Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.