Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 10:18
Bakı. Samir Əli - Trend:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə növbəti məlumat yayıb.
İdarədən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14.04.2020-ci il saat 00:00-dan 15.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1249 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 19 936 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Xüsusi karantin rejiminin pozulması hallarından biri də 15.04.2020-ci il saat 04:20-də Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Bəhərçinov Şamxal Əli oğlu etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı 99-CJ-345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsində Şəki rayon sakini Ağakişiyev İbrahim Cumalı oğlunu polis keçid postundan paytaxt istiqamətinə keçirmək istəyərkən Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.