Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 12:51
Bakı. Samir Əli - Trend:
Son bir həftənin nəticələrinə əsasən paytaxt yollarında nəqliyyat vasitələrinin axınında artım var.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, aprelin 13-dən nəqliyyat vasitələrinin axınında artım daha çox hiss olunur:
"13-15 aprel tarixlərində paytaxt yollarında qeydə alınan avtomobil sayı 450-640 min arasında dəyişib. Cari həftənin ilk iş günü isə 500 mindən artıq nəqliyyat vasitəsi qeydə alınıb. Eyni ilə sərnişin axınında da artımlar var. Ötən həftə ərzində gündəlik sərnişin axını 450 mindən yüksək olub. Bu həftənin ilk iş günü isə daşınan sərnişin sayı 573.707 olub. İstər sərnişin, istərsə də nəqliyyat axınındakı bu artım xüsusi karantin rejimi qaydaları və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyəti ilə uzlaşmır".
M. Ağayev bildirib ki, nəqliyyat vasitələrinin artımı yollarda müəyyən çətinliklər yaradır:
"Bakı Nəqliyyat Agentliyi olaraq tərəfimizdən, xüsusən də səhər və axşam saatlarında artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin operativ qaydada daşınması üçün bütün zəruri tədbirlər görülür. Ümumilikdə sərnişin axınında 60-70 faiz azalma olsa da, gündəlik xəttə çıxan avtobusların sayı azaldılmayıb. Hər hansı bir müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırımayıb. Tam əksinə əlavə olaraq 7 ekspres marşrut xətti təşkil edilib. Bu xətlərə gündəlik 100-ə yaxın avtobus cəlb edilir. Bir o qədəri isə ehtiyyat olaraq saxlanılır və səhər saatlarında həmin avtobuslar da prosesə cəlb olunur.
Hər gün səhər və axşam saatlarında Bakı Nəqliyyat Agentliyinin əməkdaşları metrostansiyaların ətrafında ekspres xətt avtobuslarının fəaliyyətinin tənzimlənməsi üçün xidmət aparırlar. Onlar eyni zamanda sərnişinlər arasında proflaktik söhbətlər aparır, çağırışlar edirlər ki, avtobuslardan istifadə edərkən və ya dayanacaqda gözləyən zaman sosial məsafə və növbəlilik prinsiplərinə əməl etsinlər. Amma təəssüf ki, indi bu prinsiplərə əməl edənlər azdır. Bir daha bildirmək istəyirəm ki, bütün mövcud çətinliklərə baxmayaraq ictimai nəqliyyat sistemi tam gücü ilə fəaliyyət göstərir. Bunu etməkdə əsas məqsədimiz odur ki, həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşlarımızın gediş-gəlişi asanlaşsın.
Lakin karantin rejimi qaydalarına əməl etməyənlər bu işdə cidid çətinliklər yaradırlar. Doğrudur, bu gün sms icazə ilə müəyyən vaxt üçün evdən çıxmağa icazə verilir. Amma bəzi vətəndaşların bundan süi-istifadə etməsi və ya gündüz görə biləcəkləri işin dalınca səhər saatlarında getmələri, sərnişin axınının çox olduğu vaxtda əlavə çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq bir daha vətəndaşlarımızdan özünütəcrid qaydalarına əməl etmələrini xahiş edirəm. Ciddi zərurət olmadan evdən çıxmasınlar. Əgər bir işi gündüz saatlarında da etmək mümkündürsə bunun üçün səhər saatlarında icazə alıb evdən çıxmasınlar. Biz çox sadə qaydalara əməl etməklə böyük bir problemin qarşısını almış olarıq".