Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri - FOTO

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri - FOTO

Tarix: 22 Aprel 2020 07:48

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən Qarabağlar kəndi bu gün qədim tarixi keçmişi ilə alim və tədqiqatçıların diqqətini özünə cəlb edir. Bu yaşayış məntəqəsi təkcə muxtar respublikanın deyil, ümumilikdə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Qarabağlar haqqında tarixi mənbələrdə çox əhəmiyyətli məlumatlar var.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, muxtar respublikada Qarabağlar kəndinin, həmçinin burada ucalan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bərpa edilərək yenidən Azərbaycan xalqına qaytarılan Qarabağlar Türbə Kompleksinin qədim tarixi barədə AMEA Naxçıvan Bölməsi tərəfindən geniş araşdırmalar aparılıb, mühüm elmi məqalələr işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin "Tarixi mənbələr Qarabağlar kəndi və Qarabağlar Türbə Kompleksi haqqında" məqaləsində bildirib ki, Qarabağlar adı Kəngərli tayfa birləşmələrinə məxsus ad olub "Kəngərlilərin böyük bir bölümü", "Kəngərlilərin güclü, qüdrətli bir hissəsi" mənasında işlənir və bu fikri yerli faktlar da təsdiqləyir. Belə ki, Qarabağlar kəndi və onun ətrafı tarixən Kəngərli zonası, bu ərazidə yerləşən yaşayış məntəqələri isə Kəngərli kəndləri adlanır. Çünki Xok mahalında yaşayanların əksəriyyəti azərbaycanlı, böyük hissəsi isə Kəngərli tayfalarına mənsub olub və tayfanın Qarabağlar qolu eyniadlı kənddə məskunlaşıb. Deməli, Qarabağlar kəndinin adı Qarabağ tayfasının adından yaranıb. Ona görə də Qarabağlar qədim türk mənşəli peçeneqlərin Qarabağ tayfasının adını əks etdirir.

İsmayıl Hacıyev məqalədə qeyd edib ki, Qarabağlar kəndinin şimal-şərqində Qalacıq adlanan ərazidə eradan əvvəl II minilliyə və I minilliyin əvvəllərinə aid yaşayış yeri (sahəsi, təqribən 40 hektar) aşkar edilib. Burada tunc bəzək əşyaları, boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və oval şəkilli bina qalıqları tapılıb. Qarabağlardakı qədim qəbiristanda at və qoç formalı qəbirüstü abidələr aşkar edilib. Qarabağlar kəndi ən qədim yaşayış məskənlərindən biri olmaqla, tariximizin orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilib.

Bu şəhər Azərbaycanın mühüm ictimai-iqtisadi, siyasi mərkəzlərindən biri olub. Onun Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli inkişaf edib. Burada olan möhtəşəm memarlıq abidələri - türbə və minarələr XII-XIV əsrlərdə Qarabağların böyük şəhər olduğunu sübut edir. Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövləti dövründə olub. Qarabağlar şəhəri XVI əsrdə dağıntılara məruz qalsa da, şəhər bölgə mərkəzi kimi statusunu itirməyib. Lakin bununla belə, şəhərin əksər hissəsi xarabalıqlardan ibarət idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1587-1603) şəhər baxımsızlıq səbəbindən tənəzzülə uğrayıb və hətta 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə kənd kimi qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış və "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuş "Qarabağlar Türbə Kompleksi" adlı yeni kitabda Qarabağlarla bağlı maraqlı faktlar qeyd olunub. Kitabda oxuyuruq: "Qarabağlar haqqında XV əsrin görkəmli salnaməçisi Nizaməddin Şami "Zəfərnamə" əsərində bəhs etmişdir. Nizaməddin Şami orta əsrlərin məşhur fatehi Əmir Teymurun səfərlərində onu müşayiət etmiş, tarixi hadisələrin canlı şahidi olmuşdu. Müəllif özünün "Zəfərnamə"sində Əmir Teymurun Hindistandan dönməsi bölməsində Teymurun Qarabağlarda müəyyən müddətdə qalmasını belə təsvir edir: "Əmir Teymur Hindistandan paytaxt Səmərqəndə qayıtdıqdan sonra İran məmləkətinə, xüsusilə Azərbaycana və ona bağlı yerlərə gürcü və erməni əsgərləri tərəfindən təcavüzlər vaqe olduğunu, buna görə də rəiyyətin zərər gördüyünü xəbər aldı. Əmiri Hümayun namus və qeyrətinə toxunan bu hala görə 802-ci ildə (miladi 1399-1400) hərəkətlə Xorasana doğru yola düşdü. Sultaniyyəni keçərək Təbriz Qarabağlarına gəlib orada ordusu ilə nazil oldu və səhraları çadırları və bayraqları ilə işğal etdi, ordunu təftiş ilə əsgərlərin hamısına ülufə (yem) və yeyəcək verdi..."

Tarixçilərimizin də yazdığı kimi, Nizaməddin Şaminin bu şəhər haqqında yazdıqları ondan 300 il sonra burada olmuş Övliya Çələbinin "binur Teymur Qarabağlarda böyük bir qoşunu ilə beş ay müddətinə qışlağa qalmışdır" məlumatı ilə bir daha təsdiqlənir. Kitabda qeyd olunur ki, məşhur türk tarixçisi İbrahim Əfəndi Peçevinin "Tarix" əsərində də Qarabağlar haqqında bəhs edilir. İbrahim Peçevi XVI-XVII əsrlərdə bu böyük Azərbaycan şəhərinin əhalisinin həyatı, ticarət və peşə sənətkarlığı haqqında məlumat verir. Göstərir ki, Qarabağlar onun dövründə böyük bir dairə olub. Yəni Qarabağlar şəhər və ona tabe olan ətraf yerlərdən ibarət idi.

Övliya Çələbi Azərbaycana birinci səfərində (1646-1647-ci illər) "Böyük Qarabağlar şəhərinin təsviri"nə geniş yer verib: "Bu şəhərin binasını ilk dəfə Mənüçöhr qoymuşdur. Qədim şəhərdir; indi də Naxçıvan torpağında ayrıca sultanlıqdır. Qədim zamanlarda böyük şəhər imiş. 1012-ci ildə (1603-cü ildə) Üçüncü Məhəmməd xan zamanında Osmanlı əlində ikən Əcəm zəfər qazandı. 1045-ci il tarixində (1635-ci il) Rəvan fatehi, zəmanənin Murad xanı Rəvan fəthindən sonra bu şəhərə gəlib burada dayandıqda qədim əlyazmalarda cənnət qədər abad olan şəhəri dərya misal qoşununun ixtiyarına verərək onu bilmərrə dağıdıb xarab etmişdir, xarabalıqları hələ də durmaqdadır".

XVII əsrdə bura səyahət edən Çələbi Qarabağları yenə də böyük bir şəhər kimi təsvir edir. Onun məlumatına görə, XVII əsrdə Qarabağlarda, təqribən, 50 min adam yaşayırdı. Bu, indiki Naxçıvan şəhər əhalisinin, təqribən, yarısı deməkdir. Bununla yanaşı, səyyah şəhərdə 10 min ev, 70 məscid, 40 minarə, karvansaray, hamam, bazar və digər obyektlərin olduğunu bildirib. Bütün bunlar onu göstərir ki, XVII yüzilliyin ortalarında Qarabağlar Naxçıvan bölgəsinin, bütövlükdə, Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri olub.


Etiketlər:  Azərbaycanın qədim yaşayış məskənlərindən biri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ