Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 16:42
Psixoloji yardıma ehtiyacı olan vətəndaşlar üçün yaradılan Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə 8 aprel tarixindən respublikanın hər yerindən 24 saat ərzində zənglər daxil olur. Psixoloqlar tərəfindən zəng edənlərə, problemləri olanlara təcili psixoloji yardımın göstərilməsi təşkil olunur.
Sonxeber.net xəbər verir ki, bunu azvision.az -a açıqlamasında FHN-nin Tibbi və Psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidmət mayoru Xanım Sofiyeva deyib.
Onun sözlərinə görə, bu günə qədər qaynar xəttə 536 müraciət daxil olub: "Gün ərzində orta hesabla 50-60 zəng olur. Zəng edənlər arasında yaşlılar, uşaqlar da var. Amma əsas çoxluğu gənclər və orta yaşlılar təşkil edir. 12 psixoloqumuz qaynar xətdə olur, dispetçer psixoloji problemlərlə bağlı zəng edənləri psixoloqlara calayır və onlara yardımlar edilir".
X.Sofiyeva bildirib ki, zəng edənlərin əksəriyyəti koronavirusdan narahat olan insanlardır: "Təşvişlə, ağlayaraq, qorxu içində zəng edənlər də olur. Əsasən, "qonşumda xəstə var idi, görəsən mən də yoluxacağam?", "görəsən bu işlərin axırı necə olacaq" kimi suallarla zəng edənlər, yaşlı valideynləri üçün narahatlıq keçirənlər də var. Zənglərin arasında evdə oturmaqla bağlı problemlər çoxluq təşkil edir. Xüsusən enerjisi çox olan gənclər evdə oturur və günü bölə bilmirlər, gecə ilə gündüz dəyişir, sosial şəbəkələrdə olanda zaman, məkan anlayışı bitir, daxilən boşluq yaranır. "Mən darıxıram, sıxılıram, nə vaxta qədər evdə oturacağıq" deyirlər. Bundan əlavə, depresiv əlamətlərlə zəng edənlər olur. "Belə getsə, özümü öldürəcəyəm, bezdim" deyənlər də var. Ailə üzvləri bütün günü evdə olanda sözlər qıcıq yaradır və ailədaxili problemlərlə bağlı zəng edib yardım istəyirlər. Əvvəlcədən psixoloji problemləri olub, müalicə alanların yaranmış vəziyyətdə qorxu, təşviş yaradan səs yazmaları dinlənilir, əvvəlki problemlərin kəskinləşdiyi müşahidə edilir. Onlar panikatak vəziyyətində, depressiyada zəng edirlər".
FHN rəsmisinin sözlərinə görə, qaynar xəttə kimsəsiz insanlarda da zənglər daxil olur: "Onlar "evdə təkəm, görəsən mənə nə olar, ölərəm, ac qalaram" deyə zəng edib, narahatlıqlarını bildirirlər. Valideynlər övladları ilə bağlı zəng edirlər. Uşaqlar bütün günü evdə olduğu üçün valideynlər onları idarə edə bilmir. Zəng edirlər ki, uşağımızla danışın, ipə-sapa yatmır, onlayn dərslərdə oturmur. Və ya uşağın özünə qapandığını, danışmadığını deyirlər.
Nə vaxt maddi yardım alacaqlarını soruşanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqələndiririk. Düzdür, bir çoxları narahatçılıq keçirirlər. Onlara psixoloji yardım edildikdən sonra məlumatları nazirliyə göndəririk. Elə də olur ki, zəng edən şəxsin psixoloji yardımdan çox təcili yardıma ehtiyacı var. Özünün razılığını alandan sonra təcili yardım göndəririk. Vəziyyətə uyğun olaraq zəng edənlərə fərdi yanaşılır".
Bundan əlavə, A.Sofiyeva qeyd edib ki, psixoloji xidmət alanlar arasında təkrar zəng edənlərə rast gəlmək mümkündür.
"Bizdə psixoloqların adı deyilmir, kodlaşdırılır. Əvvəl danışdığı psixoloqla yenidən danışmaq istəyənlər olur. Belə zənglərin sayı az deyil. Əksəriyyəti zəngin sonunda rahatlaşır, minnətdarlığını bildirir".