Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNICEF-in Azərbaycan nümayəndəliyi COVID-19 pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır

UNICEF-in Azərbaycan nümayəndəliyi COVID-19 pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır

Tarix: 23 Aprel 2020 19:33

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində COVID-19 pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır.

Bakı Media Mərkəzindən Trend-ə bildirilib ki, layihədə məqsəd dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.

Layihə çərçivəsində COVID-19 virusu ilə bağlı bir çox istiqamət üzrə maarifləndirici məlumatlar UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmi “Instagram” səhifəsində (https://www.instagram.com/unicef_azerbaijan/) yer alacaq. Səhifədə əhalinin evdə qalması zərurəti və virus simptomları, ev şəraitində uşaqların inkişafı ilə bağlı tövsiyələr, gigiyena qaydaları daxil olmaqla sağlam həyat tərzinin təbliği, yalnız etibarlı mənbələrdən məlumatların əldə edilməsi vacibliyi kimi zəruri materiallar təqdim olunacaq.

Həm böyüklərə, həm də uşaqlara maraqlı olacaq layihə çərçivəsində maarifləndirici qrafik çarxlar, uşaqların iştirakı ilə təcrübə xarakterli videolar, sosial şəbəkələrdə interaktiv oyunlar izləyicilərə təqdim olunacaq. Bundan başqa, uşaqlar üçün məzmunlu nağıllar, karantin vaxtı lazım ola biləcək psixoloji dəstək, bir çox mütəxəssislər və tanınmış şəxslər tərəfindən verilən maraqlı və faydalı məsləhətlər də səhifədə yerləşdiriləcək. UNICEF “Azerbaijan Instagram” səhifəsində təqdim olunacaq foto, qrafika və videomateriallar istənilən sosial və ənənəvi media nümayəndələri tərəfindən də istifadə oluna bilər.

Qeyd edək ki, layihə çərçivəsində kreativ və istehsalat işlərini Bakı Media Mərkəzi həyata keçirəcək.


Etiketlər:  UNICEF Azərbaycan nümayəndəliyi COVID pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ