Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 15:24
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda təhsil müəssisələrinin lisenziya alması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Təhsil haqqında” dəyişiklikdə öz əksini tapıb.
“Təhsil haqqında” qanunun mövcud variantına görə, Azərbaycanda dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” qanun ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır.
Yeni dəyişiklikdə isə istisna edilən müəssisələrin siyahısına yalnız dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri deyil, bütün dövlət təhsil müəssisələri daxil edilir.
Qeyd edilən məsələ ilə bağlı "Lisenziyalar və icazələr haqqında" qanununu 1 nömrəli əlavə - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı"na da dəyişiklik edilir.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.