Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 20:54
Bakı. Trend:
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə qərar verib.
Trend-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə verilib.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilib:
- qida məhsullarının ticarəti üzrə fəaliyyət;
- ictimai-iaşə müəssisələrinin fəaliyyəti;
- turizm və hotelçilik fəaliyyəti;
- ictimai nəqliyyatın fəaliyyəti;
- vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;
- müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.
Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq edəcək:
- “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “Turizm və hotelçilik sektorunda koronavirus (COVID- 19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;
- “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.