Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 04:40
Bakı. Trend:
Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətini islam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, təbrikdə qeyd olunur ki, Azərbaycan tarixən islam dəyərlərinin qorunub yaşadıldığı məkan kimi tanınıb.
Ölkəmizdə islam irsi ilə bağlı abidə və ocaqlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. VIII əsrin yadigarı olan Şamaxı Cümə məscidi müsəlman dünyasında ən qədim dini abidələrdəndir. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2010-2013-cü illərdə bu ibadətgahda əsaslı təmir işləri aparılaraq istifadəyə verilib.
Vurğulanır ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın müsəlman aləmi ilə əlaqələrinin inkişaf etdirilməsini həmişə diqqət mərkəzində saxlayırdı. Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdı. Ümummilli lider ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafına da öz töhfələrini vermişdi. Möhkəm təməllər üzərində qurulan bu əlaqələr, sonradan Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi, Azərbaycan islam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazandı. Bu sahədə həyata keçirilən işlərin nəticəsidir ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” kimi yüksək missiyanı yerinə yetirib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi müsəlman aləminin Azərbaycana göstərdiyi böyük etimadın bariz nümunəsi idi.
Təbrikdə daha sonra deyilir: “İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı Azərbaycan xalqının mənəvi dünyasında xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz birgəyaşayışın, bərabərlik və qarşılıqlı anlaşmanın ideal məkanı, xalqımız isə bu kimi mütərəqqi dəyərlərin sadiq daşıyıcısıdır. Ramazan bayramının fitrət və fəlsəfəsinin əsasını mənəvi zənginlik, nəfsinə hakim olmaq, yardımlaşmaq təşkil edir və orucluq ayini insanın sosial məsuliyyət hissini bir daha xatırladır”.
Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi naminə yeni uğurlar arzulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin