Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 07:30
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Məktəb psixoloqundan tövsiyələr" sosial-maarifləndirmə layihəsi davam edir.
BŞTİ-dən Sonxeber.net-a bildirilib ki, layihə çərçivəsində hazırlanmış 9-cu videoçarxda Bakı şəhəri 308 nömrəli tam orta məktəbin psixoloqu Sevinc İsmayılova "Uşaqlarda özünəinamın inkişaf etdirilməsi" mövzusunda tövsiyələrini təqdim edir.
Videoçarxla BŞTİ-nin "YouTube" kanalında tanış olmaq mümkündür.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt" xidməti də fəaliyyət göstərir. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.