Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2025 12:54
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Sonxeber.net xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Pərviz Müseyibli bakalavr təhsilini Bakı Dövlət Universitetində (BDU) "Mexanika" ixtisası üzrə, magistratura təhsilini isə "Maye, qaz və plazma mexanikası" ixtisası üzrə alıb. O, 2022-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda doktorantura təhsilini tamamlayaraq "Mexanika" üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
Əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətini davam etdirir. P. Müseyibli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin, eləcə də "Gənc tədqiqatçı" jurnalının redaksiya heyətinin üzvü və bir sıra elmi nəşrlərin müəllifidir.
Ramilə Tağıyeva bakalavr təhsilini BDU-da "Kimya" ixtisası üzrə alıb və hazırda Gəncə Dövlət Universitetində "Kimya" ixtisası üzrə magistr təhsilini davam etdirir. 2014-cü ildən etibarən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. O, 2024-cü ildən etibarən son təyinadək həmin kollecdə şöbə müdiri vəzifəsində çalışıb.