Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2025 19:04
"Həqiqətən də möhtəşəm oyun sərgilədik. Bu gün qələbəyə layiq idik".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 15-ci turunda "Turan Tovuz" üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis komandasının möhtəşəm oyun sərgilədiyini, Tovuz kimi çətin səfərdən və müdafiəsi güclü rəqiblə oyundan 3 xalla ayrılmağın önəmini vurğulayıb:
"İlk növbədə oyunçularımı təbrik edirəm. Həqiqətən möhtəşəm oyun sərgilədik. Çox önəmli 3 xal qazandıq. Burada qalib gəlmək çətindir, çünki rəqib yaxşı təşkilatlanmış komandadır və müdafiəsini yarmaq asan deyil. 80-ci dəqiqəyə qədər hesabda 3:0 öndə idik və bu gün qələbəyə layiq idik. Bakıdan bizi dəstəkləməyə gələn azarkeşlərimizi də təbrik edirəm".
Dambrauskas çempionluq hədəfi barədə suala ehtiyatlı yanaşıb. O, əsas niyyətlərinin növbəti oyuna hazırlaşmaq olduğunu, 4 gün sonra ölkənin ən yaxşı komandası "Qarabağ"la ağır matça çıxacaqlarını və bu qələbədən sonra arxayınlaşmağa haqları olmadığını bildirib.
Litvalı çalışdırıcı Tovuzdakı atmosferi və azarkeşləri tərifləsə də, meydançanın ot örtüyündən narazılığını sərt şəkildə ifadə edib:
"Azərbaycanda qonağam, burada işləmək mənim üçün üstünlükdür. Azarkeşlər möhtəşəm idilər. Amma ot örtüyü barədə bunu deyə bilmərəm. Meydança yaxşı deyildi. Hamımız futbolçuların inkişafını istəyirik. Amma bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil".(sportal.az)