Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 13:48
Bakı. Sədrəddin Ağcayev - Trend:
Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüsçüsü və fəal iştirakçısıdır.
Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
Nazirlikdən bildiriblər ki, açıq dənizə çıxış imkanı olmayan ölkə qismində Azərbaycan tranzit-nəqliyyat siyasəti yeni infrastrukturun yaradılması və nəqliyyat qovşaqlarının şaxələndirilməsi, tranzit imkanlarından rasional istifadə, nəqliyyat layihələrinə dövlət dəstəyinin göstərilməsi, hüquqi və institusional bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, daşımaları asanlaşdıran nəqliyyat-logistika sistemlərinin geniş tətbiqinə yönəlib:
“Strateji vacib infrastruktur layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər dənizində ən iri liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin uğurla başa çatması bunun bariz nümunəsidir”.
Nazirlikdən, həmçinin qeyd olunub ki, beynəlxalq daşımaların daha səmərəli icrası üçün vacib şərtlərdən biri müasir tələblərə cavab verən yol infrastrukturunun olmasıdır. Müntəzəm olaraq təxminən 4 min kilometr uzunluğunda avtomobil yollarının tam rekonstruksiyası üzrə işlər aparılır.
Ölkəmizin tranzit yükdaşımaları sahəsində potensialının tam və səmərəli istifadəsi məqsədilə Azərbaycan Prezidentinin fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Şuranın əsas öhdəlikləri vahid prinsip və şərtlərin təyin olunması, tariflərin optimallaşdırılması, daşıyıcı və dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, daşıyıcı ölkələr arasında əməkdaşlığın genişləndirilməsidir.
Multimodal tranzit logistika qovşağı qismində yeni liman və iqtisadi zona Mərkəzi Asiyadan yüklərin konsolidasiyası mərkəzlərindən biri olacaq və beynəlxalq multimodal daşımalarda, eləcə də Avrasiya tədarük zəncirində aparıcı rol oynayacaq:
“Bundan başqa, Azərbaycanın logistika və nəqliyyat mərkəzi qismində lider mövqeyinin möhkəmləndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, eləcə də ölkə ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafı üçün zəruri tədbirlər görülür”.
Nazirlikdən əlavə ediblər ki, “Ernst and Young” şirkəti tərəfindən “Azərbaycanın yük logistika sahəsinin inkişaf strategiyası” layihəsi hazırlanıb. Strategiya layihəsi logistika sahəsində mövcud vəziyyəti dəyərləndirir, güclü və zəif tərəfləri üzə çıxarır, logistikanın rəqabətqabiliyyətliliyini artırır və müxtəlif nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində addımları müəyyənləşdirir.