Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 17:27
Bakı. Samir Əli - Trend:
2019-cu il ərzində gələn müraciətlərin 100%-i elektron müraciət sistemi vasitəsi ilə şəbəkəyə qoşulub.
Trend-in məlumatına görə, bunu sahibkarlar üçün keçirilən onlayn məlumatlandırma sessiyasında "Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli deyib.
E.Rüstəmlinin sözlərinə görə, hər il Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) vasitəsi ilə “Azərişığa” müraciətlər artır:
“Əgər 2017-ci ildə bu sistem vasitəsi ilə 22 sahibkar müraciət edibsə, 2020-ci ildə bu rəqəm 5 492-yə çatıb. Bu sistem, həm də sahibkarların məmurlarla təmasını da minimuma endirib. Belə ki, əgər əvvəllər sahibkar-məmur təması 10 dəfə idisə, hazırda bu rəqəm 5 dəfə azalaraq 2-yə düşüb. Bu isə cənab Prezidentin apardığı uğurlu siyasətin göstəricisidir”.
“Azərişıq” təmsilçisi qeyd edib ki, yeni sistem vasitəsi ilə sahibkarlar xərclərini öncədən hesablamaq imkanı əldə edirlər:
“Əksər qabaqcıl ölkələrdə olduğu kimi bizdə də sahibkar fəaliyyətə başlayanda onun çəkəcəyi xərcləri hesablamaq imkanı yaradılıb. Yaradılan şəffaflaşma nəticəsində qoşulma haqqında əlavə sahibkardan heç bir əlavə vəsait tələb oluna bilməz. Karantin müddətində sahibkarların müraciətləri azalıb, amma bütün müraciətlər operativ şəkildə icra edilir”.