Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 23:38
Və ya filmin uğur qazanmasını şərtləndirən mahnılar
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
"Baxımlı və gözəl kino idi" dediyim filmlərə diqqət etdikdə, onların musiqilərinin təsirli məqamlarda insanın zəif damarını tutmağı bacarmaq gücündə olmasına şahidlik edirəm. Demək ki, filmin təsirli və uğurlu alınmasında hadisələrin həssas məqamlarında istifadə edilən musiqilərin rolu danılmazdır. Ümumi götürdükdə isə incəsənətin elə bir sahəsi yoxdur ki, musiqi onunla sıx əlaqədə olmasın. Bu bəşəri sənət, incəsənətin bütün qollarını özünə ram etmək iqtidarındadır. İzlədiyimiz filmlərdə musiqi amili bədii məzmunun ideya və obrazının açılmasında ən mühüm elementlərdəndir desəm, yəqin ki, yanılmaram. Təsvirin güclü amili olan musiqi, filmdə mühüm dramatik funksiya yerinə yetirir. Bəs görəsən bu gün çəkilən filmlərimizin musiqi seçimi necə aparılır? Bəstəkarla rejissor ümumi ortaq məxrəcə gələ bilirmi? Filmin hansı hisslərində musiqidən istifadə edilməlidir? kimi suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik. Aldığımız cavablar isə müxtəlif oldu.
Xalq artisti, bəstəkar Faiq Sücəddinov musiqinin nəinki filmdə, teatrda, təsviri incəsənətdə müstəsna xidməti olduğunu deyir: "Kino çəkən peşəkar rejissor ssenarini bəstəkara göstərir və onunla fikir mübadiləsi edir ki, filmin hansı hissələrində musiqiyə ehtiyac duyulur. Musiqi filmin təsir gücünü artırır. Bu baxımdan film hazırlanarkən ümumi müzakirədə ssenarist, rejissor və bəstəkarın fikirləri üst-üstə düşdükdə, bu, vəhdət təşkil etmiş olur. Gəlinən ortaq məxrəc ümumi nəticəyə də təsirsiz ötüşmür. Ancaq yaradıcı insanların fikirləri üst-üstə düşməyəndə, bu zaman kaprizlər özünü göstərməyə başlayır ki, söhbət uzandıqca uzanır, xoşagəlməz bir mühit yaranır. Belə ki, bəstəkar bir epizod üçün daha uzun və təsirli musiqi hazırlamağa çalışsa da, rejissor ona mane olur. "Filan epizodda musiqi iki dəqiqə deyil, bir dəqiqə olmalıdır" - deyərək musiqiləri kəsir. Onda da musiqi tam olaraq özünü göstərə bilmir, yarımçıq musiqi də təsir gücünü itirir. Ancaq bir şeyi anlamırlar ki, musiqinin keyfiyyəti kinonun uğurunun 50 faizini təşkil edir. Misal üçün Tofiq Quliyev "Ögey ana" filminin musiqisini hazırlayıb. Filmdə səslənən musiqilər bu gün də sevilir və dinlənilir. Meşədə İsmayılın oxuduğu "Quşlar" mahnısını uşaqdan böyüyə hər kəs əzbər bilir. Bu mahnının şöhrəti həmin kinodan da böyükdür. Nəinki "Ögey ana", eyni zamanda "Bəxtiyar", "Onu bağışlamaq olarmı?", "Bizim Cəbiş müəllim" kimi bir çox filmlərimizin musiqiləri həyatımıza məhz kinodan daxil olub. Siz musiqinin böyüklüyünə baxın. Yəni kino çəkəndə də, beləsini çəkmək lazımdır".
Bəstəkar bizimlə söhbətində filmlərdəki musiqiləri iki hissəyə ayırdı: "Biri var filmdə dinləmək üçün olan musiqi, biri də var ki o hissi, həyəcanı ötürmək üçün istifadə olunan ton musiqiləri. Misal üçün filmdə həyəcanlı anlar başlayanda həyəcanverici tonlardan istifadə edilir və musiqi bizi öncədən yaşanacaq hadisə ilə bağlı xəbərdar edir, hadisənin effektini artırır. Musiqi də var ki, filmdə ön, arxa fon və ya sevgi mövzusuna uyğun səslənir. Bir də filmin əsas qəhrəmanının musiqisi olur ki, o bütün kinonun gedişatında istifadə edilir. Filmdə musiqi ilə göstərilən kadrlar o qədər gözəl və təbii görünür ki, hərdən ancaq musiqiyə qulaq asırsan, kadr yaddan çıxır".
Müasir filmlərə gəlincə isə tanınmış bəstəkar hazırda daha çox serialların çəkildiyini və orada musiqilərdən az istifadə edildiyini bildirdi: "Yeni çəkilən seriallar heç bir mahiyyət kəsb etmir. Seriallar təhqirdən, qara-qışqırıqdan başqa tamaşaçılara heç bir mesaj ötürmür. Sonuncu dəfə C.Məmmədquluzadənin "Ölülər" əsərinin əsnasında çəkilən "XXI sər Ölülər" filmi üçün musiqi yazmışam. Filmdə peşəkarlar olmalıdır. Əvvəllər Rasim Ocaqov, Arif Babayev kimi peşəkar rejissorlarımız var idi ki, onlar film çəkməyə başlayanda bəstəkarlarla məsləhətləşirdi. Bu gün çəkilən filmlərin ömrü 5 gündür. 5 gündən sonra unudulub gedir".
Bir çox filmlərin müəllifi olan prodüser İlkin Həsəni deyir ki, film çəkərkən onun musiqisinə xüsusi önəm verir: "Elə filmlərimiz olub ki, bəstəkarla birlikdə işləmişik. Konkret olaraq filmin bəstəkarı, musiqi tərtibatçısı ilə danışmışıq. Filmdəki bütün musiqilər yalnız bir bəstəkara aid olub. Daha sonra isə bu prosesin bir az çətin olduğunu görüb, növbəti filmlərimizdə internet üzərindən ödənişli, müəllif hüquqlarını qoruyan, musiqi satışı ilə məşğul olan saytlarla işlədik. Hansı ki, dünyaca məşhur olan saytlarda hər janra, hadisəyə uyğun musiqilər yerləşdirilib. Siz o musiqiləri birdəfəlik olaraq da əldə edə bilərsiniz. Həmin saytlar sizə bu imkanı da təqdim edir. Çəkdiyimiz son filmlərimizdə internet üzərindən olan saytlara müraciət etmişik. Çəkilən filmdə musiqinin ən xırda detalına kimi bəstəkarın əməyindən istifadə edilir. Biz hər il film istehsal etdiyimiz üçün vaxt baxımından həmin bəstəkarla işləyə bilmirik. Çünki bu, bizə xeyir vermir".
İ.Həsəni vaxt azlığından bəstəkarlarla işləyə bilmədiyini deyir və bildirir ki, saytlardan aldıqları musiqi onlara heç də asan başa gəlmir: "Bu saytlarda musiqini ucuz qiymətə almırıq. Hər film üçün 8-9 min manata yaxın pul xərcləyirik. Bu üsulla musiqi almaq, bir növ, müasir dövrün tələbidir. Əvvəllər epizoda uyğun musiqi tapmaq çətin olsa da, indi böyük şirkətlərə aid olan həmin saytlar işimizi asanlaşdırır. Dünyada barmaqla sayıla biləcək bir neçə şirkətlər var ki, onlar məhz bu işlə tanınıblar və məşhur rejissorlar onlara müraciət edir. Əvvəl kimsə janra uyğun musiqi axtarırdısa, indi artıq hadisələrə görə saytda musiqilər yerləşdirilir. Əgər filmdə komik bir hadisə baş verirsə və saytda ona uyğun musiqilər təqdim edilir. Saytda yaşanan bütün hissləri özündə ehtiva edən musiqilər yer alıb. Orada yüz, min musiqidən söhbət getmir, milyonlarla musiqilər var. O milyonlarla musiqinin içindən filmdə sizə lazım olan epizoda, səhnənizə uyğun gələnini əldə edə bilirsiniz".
Prodüser film çəkərkən musiqinin yaratdığı problemlərdən də danışdı: "Olub ki, filmi çəkib bitirdikdən sonra baxmışıq ki, orada musiqi tam olaraq yerinə oturmayıb. Həmin filmi musiqilərinə görə yenidən işləyib, dəyişiklik etmişik. Filmin musiqi tərtibatçısı olmalıdır ki, bütün musiqi nömrələrini o yönləndirsin. Bu sahədə bizdə çox az sayda peşəkar musiqi tərtibatçıları var. Bəzən olur ki, rejissor və montaj rejissoru bu işi öz öhdəsinə götürərək deyir ki, filmin musiqisi mənim zövqümə uyğun yığılacaq. Nəticədə filmlərin musiqiləri elə onların zövqü ilə yığılır".
Ssenarist Valeh Əhmədov isə deyir ki, filmdə musiqi nə rejissorun, nə də ssenaristin zövqünə görə hesablanmalıdır. Musiqi, yazılan ssenariyə görə hazırlanmalıdır ki, bu işi də peşəkarlara həvalə etməkdə fayda var: "Film çəkiləndən sonra bəstəkara həvalə edilir və o da situasiyalara uyğun mahnılar bəstələyir. Film hazırlanarkən bəstəkara ümumi mövzu ilə bağlı məlumat verilir, ssenari ilə tanış olduqdan sonra bəstəkar həmin mövzunun ruhuna uyğun musiqi hazırlayır. Mövzunu ilə tanış olan bəstəkar artıq öz işini bilir. Dünyaca məşhur olan "La La land" filminin bu qədər uğur qazanmasının əsas sirri odur ki, bu filmdə rejissorla bəstəkar yaxın dost olublar və onlar birlikdə belə bir film ərsəyə gətiriblər. Demək ki, insan ortaq bir dil tapanda və fikirləri üst üstə düşəndə, ortaya gözəl məhsul çıxır".
Ssenarist keçmiş filmlərimizdəki musiqiləri hələ də sevərək dinlədiyimizi bildirir: "Azərbaycan kino tarixinə nəzər salanda görürük ki, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir çox filmlərə yazılmış kino musiqisi - mahnılar və musiqi lövhələri qısa vaxt keçəndən sonra ayrıca yaşamaq hüququ qazanıb. Bu mahnılar xalq arasında geniş yayılıb. Bizim yerli və müasir filmlərimizdə gəldikdə isə bəzən filmlərdə məşhur sənətkarların və gündəmdə olan ifaçıların mahnılarından istifadə edilir. Təbii ki, bu da epizoddan asılıdır. Elə bir formada işləyirlər ki, o mahnını həmin situasiyada istifadə edəndə insana təsir edir".