Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Siqnal İduna Park" elə bil "Tofiq Bəhramov" stadionu idi...

Tarix: 16 May 2020 20:02

Bu gün 2 aydan sonra Avropada, Almaniyada boyük futbol başladı. İndiki idmansızlıq, futbolsuzluq durumunda azarkeşlər üçün böyük təsəllidir. Bəli, hər hansı bayram-filan yox, məhz təsəlli!
 
Çünki... Bayram yox idi. Ona görə yox idi ki, Dortmundun çox vaxt dolu olan 80 minlik stadionu  bomboş idi. "Siqnal İduna Park" sanki "Tofiq Bəhramov" stadionu idi və orada oynayan da "Borussiya" ilə "Şalke" yox,  "Qarabağ"la "Səbail" idi. Deməli, futbolun bəzəyi qoldan, Ronaldodan, Messidən əvvəl, birinci növbədə azarkeşlərdir.

Təkrar edirəm: azarkeşlər.

Və azarkeşin dəyəri hər yerdə, hər bir ölkədə bilinməlidir. Almaniyada Tomas Müller də bilməlidir, Azərbaycanda Mahir Emreli də. Azarkeş olmadığına görə idi ki, bundesliqanın iki köklü klubunun matçı rəsmi, vacib qarşılaşmaya yox, bir komandanın məşqinə, ikitərəfli oyununa bənzəyirdi.

Amma istənilən halda...

Futbol və idman dünyası "Böyük beşlik"dən bir liqanın oyunlarının bərpası ilə komadan ayıldı. Ona görə də “Danke, Almaniya!” deyək və sualı yönləndirək bizim idmana cavabdeh dövlət qurumu İdman Nazirliyinə, sonra isə AFFA-ya: bəs, biz nə vaxt tərpənirik?

İnsanlarla dolu avtobuslar boş stadionlarımızdan koronavirusun yayılmasına görə daha risklidir. Və hamının bildiyi bu sadə həqiqəti Nazirlər Kabinetinə biz jurnalistlər deyil, siz məmurlar deməlisiniz.

Aydın BAĞIROV
[email protected]

 


Etiketlər:  Siqnal İduna Park elə bil Tofiq Bəhramov stadionu idi


RƏYLƏR