Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təcrübə qazandıqca, peşəkarlıq da gəlir - FOTO

Təcrübə qazandıqca, peşəkarlıq da gəlir - FOTO

Tarix: 18 May 2020 03:30

Günel Məmmədxanova: "Əgər çətinlikdən qorxdunsa, onlar sənə qalib gələcək"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Amerikada italyan restoranında bişirdiyi bal tortu dillərdə dastandır. Elə bu torta görə də ona "Honey Günel" ( "Ballı Günel") ləqəbini veriblər. O, uşaqlıq xəyalının ardınca gedib və əcnəbi ölkədə şirniyyatları ilə tanınıb. Deyir ki, əgər hər hansı bir xanımın arzusu varsa, o, büdrəməməlidir. Onun sirri, məqsədinə doğru gedən yolda yorulmamaq, asta-asta addımlamaq və şükür etməkdir.

Müsahibimiz Amerikada kulinar işləyən Günel Məmmədxanovadır.

Günel Sumqayıtda anadan olub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində ingilis dili üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra iş həyatına başlayıb. 2006-2016- cı ilə qədər turizm sahəsində fəaliyyət göstərib. Məşhur turizm şirkətlərinin birində daxili və xarici turizm üzrə departament direktoru vəzifəsinə qədər yüksəlib: "Həmin illərdə bir çox Avropa ölkələrində səyahətdə oldum. Onların şirniyyat növləri, mətbəx mədəniyyəti ilə yaxından tanış olmaq şansı əldə etdim. Baxmayaraq ki, turizm sahəsi maraqlı və əyləncəli idi, lakin heç vaxt özümü bu sahədə görmür, hər zaman xəyallarımda özümü şirniyyat aləmində təsəvvür edirdim. Hazırda ailəliyəm, 3 övladım var. Ailə qayğılarına baxmayaraq, bu işdə çətinlik çəkmirəm. Çünki ailəm mənə motivasiya verir.

- Turizm sahəsində rəhbər vəzifədə çalışır, hətta səyahət imkanları əldə edirdiniz.  Necə oldu ki, kulinar kimi karyeranıza davam etdiniz?

- Uşaq vaxtı anam tez-tez şirniyyatlar bişirərdi. Hələ 6-7 yaşımda anamın yanında durar, əl işlərinə baxardım ki, görüm şirniyyatları necə ərsəyə gətirir. Ona kömək edir, özüm də yeni biliklər əldə edirdim. Artıq məndə həmin yaşlardan həvəs yaranırdı. Daha sonra biz Amerikaya köçdük. Övladım balaca idi və evdə uşağa baxırdım. Yəni heç yerdə işləmirdim. Evdə olduğum müddətdə başımı ancaq mətbəxlə qatırdım. Şirniyyatlar bişirir, yeni növlər kəşf edirdim. Dostlar, tanışlar bizə gəlir, bişirdiyim şirniyyatları onlar da dadırdı. Həmişə tərifləyirdilər. Onlara pay qoyurdum öz ətraflarında tanışları ilə bölüşürdülər. Artıq mənə zənglər gəlirdi ki, siz sifariş qəbul edərsinizsə, bişirdiyiniz şirniyyatlardan dadmışıq və onlardan istəyirik. Bu da mənə ilham verirdi. Evdar xanım idim və bu fürsətdən yararlandım. Düşündüm ki, Azərbaycan mətbəxindən olan şirniyyatları əcnəbi qonaqlarımıza niyə də tanıtdırmayım və sevdirməyim.

- Və evdar xanımlıqdan peşəkar kulinarlığa keçid etdiniz...

- Biz artıq 4 ildən çoxdur ki, Amerikada yaşayırıq. Kulinar kimi fəaliyyətimdə ailə üzvlərim, dostlarım və mənə yaxın olan bütün insanlar kömək etdi. Onların əl işlərimi qiymətləndirməsi məni ilhamlandırırdı. Bundan sonra uşaqlıq arzumun həyata keçməsini qarşıma məqsəd qoydum və başa düşdüm ki, bu sahədə yüksək səviyyədə təhsil alıb, öz sənətimi inkişaf etdirib, özümü tanıtdırmalıyam. Həmçinin, ölkəmizin mətbəx mədəniyyətini yaşadığım ölkədə tanıtdırmaq mənim üçün çox vacib idi. Öz bacarıqlarımı bu sahədə daha da inkişaf etdirmək üçün araşdırmalar aparır, məni qane edəcək, uşaqlıq arzuma çatmaq üçün yol açacaq kulinariya universitetinin axtarışına çıxdım. Eyni zamanda müəyyən kurslara gedir, tanınmış şeflərdən dərslər alırdım. Sonra da "Institute of Culinary Education"a (Kulinariya Təhsili İnstitutu) qəbul olundum. Bu təhsil ocağı Amerikanın 2 ən iri kulinariya institutundan biridir. 2018-ci ildə imtahan verib həmin universitetə Pastry and Bakery Art (Şirniyyat və un məmulatları incəsənəti) fakültəsinə qəbul olundum. Beləliklə, bir il ərzində şirniyyat bişirməyin texnika və növləri üzrə yüksək səviyyəli şeflərdən dərslər aldım.

- 3 uşaqla həm işləmək, həm təhsil almaq yəqin ki, asan başa gəlməyib...

- Bəli, çox çətin idi. Amma həyat yoldaşım ən böyük dəstəkçim oldu. Virciniya ştatında yaşamağımıza baxmayaraq, seçdiyim universitet Nyu-Yorkda yerləşirdi və əlbəttə ki, biz bir illik həmin ştata köçə bilməzdik. Yəni ailəmizin həyatını bu qədər dəyişmək çox çətin olardı. Həyat yoldaşım evdə qalaraq övladlarımıza baxırdı. Hər həftənin 3 gününü ailəmdən uzaqda keçirməyə məcbur idim və təhsil alıb 3 gündən sonra ailəmin yanına qayıdırdım. Həftədə 2 dəfə Nyu-Yorka avtobusla 5 saatlıq yol gedirdim. Heç bir çətinliyə baxmayaraq, xəyalımın ardınca getdim. 2019-cu ildə mən həmin universiteti bitirdim və orada bizə təcrübə keçmək üçün şərait yaradıldı. Təcrübə keçməklə öz təhsilini, mətbəx təcrübəni daha  yüksək səviyyəyə çatdırır, 2 ay ərzində müəyyən restoran, yaxud oteldə işləyərək əlavə təcrübəyə yiyələnə bilirsən. Həmin vaxt internetdə sosial media səhifələrim artıq var idi və orada təhsilimi də qeyd etmişdim. Həmin ərəfədə mənə "Mişelin" ulduzuna malik İtalyan restoranında həm təcrübə keçmək, həm da onların komandası ilə bərabər çalışmaq təklifi gəldi. Bununla da mənim Amerikadakı iş fəaliyyətim başlandı. Həmin restoranda mən şirniyyat üzrə şef vəzifəsində çalışdım və orada sırf italyan şirniyyatları hazırlayırdım. Eyni zamanda Azərbaycanın mətbəx mədəniyyətini ətrafımda çalışan şeflərlə bölüşürdüm. Çünki onlar da bizim mətbəxlə tanış olmağa maraq göstərirdilər. Hər dəfə milli şirniyyatlarımızı bişirib işə aparırdım və onların bizim mətbəxə həvəs və marağını əyani görmək qürur hissi verirdi. Milli mətbəximizin və şirniyyatlarımızın dadı həqiqətən də digər ölkələrin mətbəxindən hər zaman üstün olub. Restoranda fəaliyyət göstərməyimlə yanaşı, öz şəxsi işlərimi də axsatmırdım. Evdə olduğum müddətdə hətta işdən yorğun gəlməyimə baxmayaraq, əlavə sifarişlər də götürürdüm ki, özümü daha da tanıtdırım. Öz brendimi tanıtdırmaq istəyirdim. Beləliklə, özümə "Sweet garden by Gunel" adını seçdim. Bu başlıq altında "İnstaqram" və "Facebook" səhifələri açdım. Ukrayna, Rusiya, Özbəkistan kimi ölkələrin burada yaşayan nümayəndələri mənə sifariş verdilər.

- Özünüz dediniz ki, qadınlara motivasiya olmaq istəyirsiniz. Təsəvvür edin ki, qarşınızda bir qadın dayanıb və arzuları xəyalları böyükdür, lakin əlində heç nəyi yoxdur. O qadına necə motivasiya verərsiniz?

- Əgər hər hansı bir xanımın arzusu varsa, o yoldan çəkinməsin. İnsan çətinliyi aşaraq, öz uğurlarına doğru addımlamalıdır. Əgər çətinlikdən qorxdunsa, onlar sənə qalib gələcək. Sən mübarizə aparmalı, olmaq istədiyin adam olmalısan. Mən  öz üzərimdə çalışıb dayanmadan axtarışlar aparmışam. Bacardığım qədər sifarişlər götürmüşəm ki, öz arzularıma doğru addımlayım. Yorulmamışam və şükür etmişəm. Evdar xanımlara, arzusunda olub bacarmayan qadınlara demək istəyirəm ki, qadın böyük qüvvədir, onun arzusu varsa, özünə inamı ilə irəli doğru addımlaya bilər. Ola bilər ki, yeni başlayıb, heç bir nəticə əldə etməyəsən. Yenə də büdrəməmlisən. Məsələn, mən dəfələrlə istədiyim nəticəni əldə edə bilmir, sıfırdan başlayırdım. Təcrübə qazandıqca, peşəkarlıq da gəlir. Daha sonra ərsəyə gətirdiyin məhsula kənardan baxanda, bu sənə qürur və motivasiya verir. Hansısa peşədə ailə dolandırmaq üçün məcbur işləyən xanımlara demək istəyirəm ki, əgər peşələrini sevmirlərsə, ürəklərindən gələn səsə qulaq assınlar. Əlbəttə, çətinliklər olacaq, amma niyyətin hara, mənzilin ora... İstəyin varsa, qapıların da açılacaq... Keçmişdə ağlıma belə gəlməzdi ki, Amerikaya gəlib, qərib bir ölkədə bu səviyyəyə çatım. Düzdür, bu işə başlamaq üçün insanın müəyyən maddi durumu da olmalıdır. Mən bunun üçün  dayanmadan işləyir, gecələr yuxusuz qalır, sifarişlər götürürdüm. Çünki işləmək üçün bahalı avadanlıq əldə edilməli idi. Həmin avadanlıqlar vasitəsilə daha da gözəl şirniyyatlar bişirmək mümkündür. Dünyanın ən məşhur şeflərinin həyat yoluna nəzər salanda görürəm ki, onlar da mənim kimi əzab-əziyyətlərdən keçiblər, amma tükənməyiblər və durmadan addımlayıblar. Bəzi insanlar fikirləşir ki, hansısa bacarığı əldə etmək üçün mütləq bahalı kurslar tələb olunur. Bu, səhv fikirdir. Onlar bilməlidir ki, müasir dövrdə internetdə və "Youtube" kanallarında bir çox məşhur şeflərin video təlimatları mövcuddur. Mən də həmin videolara baxıb çox şey öyrənib öz bacarıqlarımı inkişaf etdirmişəm. Xanımlara da məsləhətim odur ki, öz üzərilərində işləsinlər və kənardan onlara kimsə mənfi təsir göstərməyə çalışırsa, həmin insanlara qulaq asmasınlar, ancaq öz daxili səsini dinləyib öz yoluna davam etsinlər. Bu, tək şirniyyat sahəsinə aid deyil, bütün peşə və sahələrin uğur sirri bundan ibarətdir. İstək varsa, uğur öz əlindədir.

- Azərbaycan şirniyyatları əcnəbilər tərəfindən necə qarşılanır? Əsasən hansı şirniyyatlar daha çox sifariş olunur?

- Əcnəbilərin bizim şirniyyatlara olan marağı hədsiz dərəcədə yüksəkdir. Ən çox da milli şirniyyatlarımızı, şəkərbura, paxlava, qoğalı sevirlər. Şəkərburanın üzərində olan əl işləmələri, naxışları, kənarlarının bükülməsi, paxlavanın kəsiliş forması onlarda xoş təəssüratlar yaradır. Burada Novruz bayramı ərəfəsində əcnəbi xanımlar üçün master-klass keçirirdilər. Mən ora dəvət olunmuşdum. Orada olduğum müddət ərzində milli mətbəximizdən şəkərbura, paxlava, qoğalı onlara təqdim edirdim. Şəkərburanı hazırladığım müddətdə onların üzərində yaranan təbəssüm mənə xoş təsir bağışlayırdı. Necə ərsəyə gəldiyini görəndə, təəccüblə deyirdilər ki, bu gözəlliyi necə yaratmaq olar... Onlar da mənimlə bərabər işləyirdilər. Məqsədim, bütün dünyada Azərbaycanımızı tanıtdırmaq və əcnəbiləri bizim mədəniyyətimizlə daha yaxından tanış etməkdir.

- Günel xanım, sizcə, yaxşı kulinar hansı xüsusiyyətlərə sahib olmalıdır?

- Əgər hər hansı şəxs bu sahədə fəaliyyət göstərmək istəyirsə və buraya gəlir mənbəyi kimi baxırsa, o insan işlədiyi işdən zövq almayacaq və uğur qazanmayacaq. Yüksək səviyyəli iş təqdim etməyəcək və bu sahədən bezəcək. Əgər sevgi, məhəbbət varsa, o, mütəxəssis səviyyəsində işləyəcək, daxilində olan ideyaları həyata keçirəcək və zövqlə işlədiyi üçün bu, onun işində özünü büruzə verəcək. Mənim buradakı sirrim müştərilərə qarşı göstərdiyim diqqət və qayğıdır. Məsələn, əgər hansısa şirniyyat mənim xoşuma gəlmirsə, görünüşü və ya dadı məni qane etmirsə, onu müştəriyə təqdim etmirəm. İstədiyim nəticəni əldə edənə qədər o şirniyyatın üzərində çalışıram. Bizim peşənin sirri müştəri məmnuniyyəti, müştəri sevgisi və qayğıdır. Bunlar olmasaydı, bu nəticələri əldə etməzdim.

Milli.Az


Etiketlər:  Təcrübə qazandıqca peşəkarlıq da gəlir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ