Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 12:56
Bakı. Ceyhun Ələkbərov - Trend:
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti pandemiya dövründən sonra fəaliyyətini hansı şəkildə görəcəyi barədə açıqlama verib.
QSC-dən Trend-ə bildirilib ki, qurum insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən və keçiriləcək butün tələbləri yerinə yetirməyə hazırdır. Sərnişindaşımada hərəkət bərpa olduqdan sonra sərnişinlərin və qatar heyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi göstərişlər olacaq:
"Ehtimal var ki, ara məsafənin qorunması, qatarlarda yerlərin satışa necə verilməsi ilə bağlı sərnişindaşıma qaydalarında müəyyən dəyişikliklər tətbiq olunacaq. Artıq bəzi ölkələrdə sərnişindaşımada belə məhdudiyyətlər nəzərdən keçirilir. Biz də “Azərbaycan Dəmir Yolları” QSC olaraq sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq".
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bununla əlaqədar yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq edilən məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılır.