Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Beynəlxalq Bankı daha 9 ailənin məşğulluğuna kömək göstərdi

Azərbaycan Beynəlxalq Bankı daha 9 ailənin məşğulluğuna kömək göstərdi

Tarix: 22 May 2020 15:48

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində həssas əhali qruplarına dəstəyini davam etdirməkdədir.

Bankdan Trend-ə bildirilib ki, ötən ay 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqlar alan bank daha 9 ailəyə bu istiqamətdə kömək göstərir. Alınacaq avadanlıqların sənədləri artıq ailələrə təqdim olunub. Belə ki, Bakının Binəqədi rayonunda məskunlaşmış məcburi köçkün Kamalov Laçın Fariz oğluna peşəkar foto xidməti ilə məşğul ola bilməkdən ötrü lazımi cihazlar alınacaq. Buzovnada yaşayan Nağıyev Cavid Xalis oğluna parket və taxta döşəmə cilalanması üçün lazımi avadanlıqlar təqdim ediləcək. Daha üç vətəndaşımız, Xətai rayonunda məskunlaşmış məcburi köçkün Səfərova Ruhiyyə Tahir qızı, Hövsan qəsəbəsi sakini Baxışova Səadət Cəmil qızı və Şirvan şəhərində yaşayan Qədirov Ramil Tələt oğlu isə Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi avadanlıq hesabına tekstil məhsullarının istehsalı ilə məşğul olacaqlar. Suraxanı rayon sakini Qəribova Mehriban Eldar qızı Bankın köməyi ilə əldə etdiyi avadanlıqlarla musiqi fəaliyyəti ilə məşğul olacaq. Abşeron rayonunda yaşayan Əliyev Uluyurd Nəbi oğlu, Gəncə şəhər sakinləri Həsənov Ramiz Faiq oğlu və Həbibov Anar Zaman oğlu Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi avadanlıqlarla yaşadıqları ərazidə “Playstation” salonu quraraq öz məşğulluqlarını təmin edə biləcəklər.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Etiketlər:  Azərbaycan Beynəlxalq Bankı daha ailənin məşğulluğuna kömək göstərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ