Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 21:46
Yaxın aylarda Bakının Binəqədi rayonunda da yeni DOST mərkəzi açılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə yeni DOST mərkəzlərinin yaradılması təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında vurğulayıb. O bildirib ki, hazırda daha 5 mərkəzin - Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdə rayonlarında DOST mərkəzlərinin açılması üçün işlər aparılır.
Nazir Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verdiyini qeyd edib. Bildirib ki, bu konsepsiya, eyni zamanda, mərkəzlərdə dövlət sosial xidmətlərinin innovativ əsasda daim təkmilləşməsini, yeni dəstək mexanizmləri ilə zənginləşməsini hədəf kimi nəzərdə tutur. Yaradılan DOST mərkəzləri də bu prinsipi rəhbər tutmalıdır. Həmçinin 142 - Çağrı mərkəzinin fəaliyyəti müraciətlərin cavablandırılması funksiyası ilə bərabər, dəstək mərkəzi tipli missiyanı daşımaq üçün təkmilləşməlidir.
S.Babayev vurğulayıb ki, dövlət başçısının müəyyən etdiyi əsas vəzifələrdən biri - şəffaflığın təminatı, korrupsiyaya qarşı ardıcıl və qətiyyətli mübarizənin aparılmasıdır. Nazirliyin daxili audit yoxlamaları nəticəsində aşkar olunan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün bu barədə məlumatlar aidiyyəti orqanlara təqdim edilir. Qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sistemində əsas prinsip şəffaflığın təminatı olacaq və bu prinsipə zidd fəaliyyət göstərənlərə qarşı ciddi tədbirlər görüləcək, qanun pozuntularına yol verilməsinin qarşısının alınması üçün qətiyyətli addımlar davam etdiriləcək.
Bununla yanaşı, aparılan köklü islahatlar da dövlət sosial xidmətlərində şəffaflığın təminatına nail olmağa imkan verir ki, bunun əyani nümunəsi - DOST mərkəzləridir. Bu mərkəzlərin sayının artırılması da şəffaflığın təminatı sahəsində yeni-yeni nailiyyətlərə yol açır.
S.Babayev sosial ödənişlərin davamlılığının təmin edildiyini, pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişinin artıq hər ay vaxtından daha tez həyata keçirildiyini deyib. O qeyd edib ki, bu pozitiv proses qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.
Nazir bildirib ki, həssas əhali qrupları ilə bağlı qanunvericiliyin humanistləşdirilməsi bu gün əsas fəaliyyət istiqamətlərindən biridir. Bu proses pensiya qanunvericiliyini də əhatə edir.
DSMF-nin nəzdində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi" publik hüquqi şəxs yaradılır ki, bu da qeyd edilən şəxslərə göstərilən sosial xidmətlərin keyfiyyətinin artmasına hesablanıb.
S.Babayev Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, vətəndaşların qəbulu prosesi və s. barədə də tapşırıqlarını verib. İclasda Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun layihəsi, "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi" publik hüquqi şəxsin yaradılması, nizamnaməsinin, strukturunun və ştat cədvəlinin təsdiq edilməsi məsələləri ətraflı müzakirə olunub.