Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 15:03
ABŞ Prezidenti Donald Trampın informasiya və kommunikasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə davranış qaydalarını müəyyənləşdirən Aktın 230-cu paraqrafının qüvvədən düşməsi ilə bağlı sənədi imzalaması dövlətlərə, insanların şəxsi həyatına, qlobal sabitliyə, sülhə təhdid yaradan təhlükəyə qarşı atılan addım kimi dəyərləndirilməlidir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Donald Trampın bu addımı onun 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışının davamıdır:
"Xatırladım ki, həmin çıxışında ABŞ Prezidenti milli suverenliyin və vətənpərvərliyin əhəmiyyətindən söz açıb və qeyd edib ki, azad dünya öz milli köklərinə dəyər verməli, onları silməyə, əvəzləməyə çalışmamalıdır. Trampın sözügedən çıxışında gələcəyin qlobalçılara deyil, vətənpərvərlərə mənsub olduğunu bəyan etməsi isə düşünürəm ki, onun son addımını əsaslandıran ən önəmli məqamlardan biridir.
Kimsəyə sirr deyil ki, sosial şəbəkələr yarandıqları gündən ayrı-ayrı iqtisadi-siyasi mərkəzlərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirib, ayrı-ayrı ölkələrin siyasi sistemlərinə, ictimai rəyinə müdaxilə etməklə, onları xaosa sürükləyib, vətəndaş qarşıdurmasına, nifrətin, aqressiyanın, terrorizmin çiçəklənməsinə zəmin yaradıblar.
Sosial şəbəkələrin nəinki milli dövlətlərin, hətta BMT kimi dünyada sülhə, əminamanlığa təminat verən qlobal təsisatların təsir dairəsindən, beynəlxalq hüququn norma və prinsiplərindən, milli qanunvericilikdən, məsuliyyətdən kənarda əlahiddə hüquqa sahib olmaları bu gün dünyada mövcud olan bir çox problemlərin əsas səbəblərindən biri və bəlkə də birincisidir".
E.Mirzəbəyli vurğulayıb ki, sosial şəbəkələrin hüquqdan, qanundan kənar, heç bir sosial məsuliyyətin olmadığı bir məkana çevrilməsi informasiya sahəsində milli və qlobal təhlükəsizliyə ciddi təhdid yaratmaqla yanaşı, bu sahədə rəqabət mühitinin kobud şəkildə pozulmasına, peşəkar və qanun qarşısında məsuliyyətli olan kütləvi informasiya vasitələrinin də sıradan çıxmasına zəmin yaradırdı:
"Qeyd edim ki, təxminən 2 il öncə Avropa Şurası Parlament Assambleyasının sosial şəbəkələrdə yalnız peşəkar kütləvi informasiya vasitələrinin məlumatlarına istinad edilməsi ilə bağlı tövsiyə xarakterli qətnaməsi də qəbul olunub. Amma təbii ki, heç bir hüquqi təsir mexanizminə sahib olmadığı üçün bu sahədə baş verən özbaşınalığın qarşısının alınmasına da hər hansı bir formada təsir göstərə bilməzdi. Məhz bu baxımdan, terorra, qarşıdurmaya, insanlıq əleyhinə cinayətlərə, milli-dini ayrıseçkiliyə, xaosa, özbaşınalığa, əxlaqsızlığa çağırış platformasına çevrilmiş sosial şəbəkələrdə baş verənlərin qarşısının alınması üçün onların fəaliyyəti, yaxud fəaliyyətsizlikləri üçün hüquqi məsuliyyət yaradan addımların atılmasına ehtiyac var idi.
ABŞ Prezidentinin imzaladığı sənəd də məhz bu hüquqi məsuliyyətin yaranmasına xidmət edir. Donald Trampın bu addımı qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi baxımından da önəmlidir. Çünki mümkün deyil ki, real həyatda sən bir ölkənin vətəndaşı kimi bu və ya digər hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyasan, amma sənin eyni davranışları virtual platformalarda nümayiş etdirməyin heç bir hüquqi məsuliyyət yaratmasın. Bu hüquqi nihilizmdir və buna son qoyulması bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir.
Hazırda yaşadığımız qlobal pandemiya dönəmi də qanundan kənar virtual platformaların nə qədər təhlükəli olduğunu bir daha ortaya qoydu. Düşünürəm ki, bu amil də ABŞ Prezidentinin qərarına öz təsirini göstərib. Hesab edirəm ki, D.Tramp imzaladığı sənəd beynəlxalq müstəvidə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi mexanizmlərin yaradılmasına əsas verir.
Bununla bağlı artıq uzun illərdir ki, müzakirələr aparılır və Azərbaycan da bu prosesdə aktiv rol alan ölkələrdən biridir. Artıq qlobal müstəvidə virtual hüquq məcəlləsinin yaradılmasına və sosial şəbəkələrin, internet resurslarının yayımlandıqları məkanların milli qanunvericiliklərinə uyğun olaraq fəaliyyətlərinin təmin edilməsinə ehtiyac var. Sosial şəbəkələr üzərindən milli-mənəvi dəyərlərinə sözün əsl mənasında müharibə elan edilən, bu şəbəkələr üzərindən terrorla, insanlıq əleyhinə cinayəıtlərlə təhdid olunan bir ölkənin vətəndaşı kimi, Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğunua qətiyyən şübhə etmirəm. Bu, həm milli, həm də qlobal çağırışdır".