Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 17:39
Sonxeber.net Trend-ə istinadən Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədovun özünün rəsmi facebook səhifəsində yayımladığı "İnternet resurslarının hüquqi tənzimlənməsi problemi" sərlövhəli məqaləsinin aktuallığını nəzərə alaraq, onu oxucularımızın diqqətinə təqdim edir:
- Müasir informasiya texnologiyaları nəinki həyatımıza birdəfəlik daxil olub, habelə onu ciddi şəkildə dəyişdirə bilib. İnsanın ictimai statusu əhəmiyyətli dərəcədə yüksəlib, cəmiyyətin hər bir üzvünün ictimai proseslərdə və münasibətlərdə iştirak imkanları təsəvvür edilməyən dərəcədə genişlənib. Bunun məntiqi nəticəsi kimi insan və vətəndaş hüquqları anlayışının daha geniş, daha əhatəli mahiyyət və təzahür forması kəsb etməsi prosesi müşahidə olunmaqdadır.
Heç şübhəsiz, insanın ictimai və intellektual potensialını təsəvvür edilməyən miqyasda genişləndirən müasir informasiya texnologiyaları bəşəriyyətin böyük nailiyyəti, onun gələcək inkişafının hərəkətverici qüvvəsidir. Rəqəmsal texnologiya, süni intellekt getdikcə daha böyük sürətlə və qətiyyətlə əsas məhsuldar qüvvəyə çevrilir, bir yandan inkişaf qarşısında heç zaman görünməmiş perspektivlər açır, digər yandan isə, əgər belə demək mümkündürsə, insanı, hətta bütün cəmiyyəti öz buxovları arasına alır. Hüquq və əxlaq normalarına əsaslanan cəmiyyətlərdə ictimai münasibətlərin təkamülü informasiya texnologiyalarının inkişafının arxasınca çata bilmir. Nəticədə ictimai tənzimləmə mexanizminin müxtəlif səviyyələrdə və formalarda təkmilləşdirilməsi zərurəti getdikcə daha aydın şəkildə özünü göstərməyə başlayır. Deyilənlərin əhəmiyyətli bir hissəsi insan hüquqları sferasına aiddir. Müasir informasiya texnologiyaları insanın informasiya istehlakçısı kimi imkanlarını demək olar ki, hüdudsuzluğa qədər genişləndirməklə kifayətlənməyib, onun eyni zamanda informasiya istehsalçısı rolunda çıxış etməsini mümkün etmişdir. Sosial şəbəkələr informasiyanın yayılmasında olduğu kimi, yaradılmasında da hər bir fərdin iştirakı prinsipinə əsaslanır.
Özlüyündə mütərəqqi hadisə olan sosial şəbəkələr müvafiq hüququ tənzimləmə mexanizminin yaranmadığı şəraitdə terrorizmin, şiddət və nifrətin təbliğ edilməsi, narkotik vasitələrin internet üzərindən satılması, habelə şəxsiyyətin şərəf və layaqətinin alçaldılması kimi fəsadlarla müşaiyət olunur. Ənənəvi kütləvi informasiya vasitələrinin fəaliyyəti insan hüquqlarının qorunması baxımından qanunvericlik əsasında tənzimləndiyi halda, internet resurslar belə tənzimləmə mexanizmindən kənarda qalıb. Sirr deyil ki, sosial şəbəkələr və videoportallar bütün müsbət cəhətləri ilə yanaşı bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib. Sosial şəbəkələrdən bu cür ziyanlı vasitələr, əslində isə mənəvi terror aləti kimi istifadə olunması onlara xas olan anonimliyə əsaslanır. Məhz anonimlik sosial şəbəkələrdən ayrı-ayrı qrupların və konkret fərdlərin şəxsiyyətin hüquqlarının ən kobud şəkildə pozulması, mənəvi terrora məruz qoyulması, təhqir edilməsi, bütün əxlaq və mənəviyyət dəyərlərinin ayaqlar altına atılması, yalan məlumatların yayılması, habelə yuxarıda sadalanan digər qanunazidd əməllərin həyata keçirilməsi məqsədilə istifadə edilməsinə imkan yaratmışdır. Heç kim sosial şəbəkələrdə ən eybəcər formada təhqir olunmaqdan, ləyaqətinin tapdalanmasından sığortalanmayıb. Lakin bundan da acınacaqlı hal insanın sosial şəbəkələrdə ona qarşı həyata keçirilən mənəvi terrorla mübarizə aparmaqda, öz hüquqlarını qorumaqda aciz olmasıdır. Eyni zamanda, dövlətin müvafiq qurumları da sosial şəbəkələrdə vətəndaşların hüquqlarının pozulmasına qarşı səmərəli mübarizə apara bilmir.
Etiraf etmək lazımdır ki, internet resurslardan anonim formada məkrli niyyətlərlə istifadə edilməsi cəmiyyətdə əxlaqi dəyələrin aşınmasına, ictimai münasibətlərdə gərilmələrin meydana gəlməsinə səbəb olur. Bu səbəbdən sosial şəbəkələrdən çirkin niyyətlərlə istifadə olunmasının qarşısının alınması, internet resurslarla əlaqədar fəaliyyətdə hüquqi tənzimlənmə mexanizminin yaradılması sosial sifarişə çevrilib. Bir çox ölkələr bu sahədə müəyyən hüquqi tənzimləmə mexanizmini yaradıblar və ya yaratmaqdadırlar. ABŞ hökumətinin bir neçə gün bundan əvvəl internet resursları istifadəçilərinin məsuliyyətinin artırılması, sosial şəbəkələrin yaratdığı imkanlardan sui-istifadə hallarının qarşısının alınması məqsədi güdən qərarı problemin nə dərəcədə aktual mahiyyət kəsb etdiyini sübuta yetirir. Düşünürəm ki, sosial şəbəkələrdə qeyri-sağlam təbliğatın aparılmasına imkan yaradan anonimliyin aradan qaldırılmasında, insanın mənəvi terrora məruz qoyulmasının, internet resurslardan qanunazidd məqsədlərlə istifadə olunmasının qarşısının alınmasında internet resursları istifadəçilərinin və onlayn platformaların məsuliyyətinin artırılması milli qanunvericiliyin müvafiq kontekstə təkmilləşdirilməsi predmeti kimi nəzərdən keçirilə bilər və keçirilməlidir. İnternet kampaniyalarının regional operatorlarının internet resurslardan və platformalardan terrorizmin, şiddət və nifrətin təbliği, şəxsiyyətə qarşı mənəvi terrorun həyata keçirilməsi məqsədilə istifadə edilməsinə görə cavabdehliyinin artırılması kimi hüquqi mexanizmin yaradılması da diqqətdən yayınmamalıdır. İnanıram ki, dövlətlər internet resurslardan terrorizmin təbliği naminə istifadə olunmasına qarşı olduqları kimi, onların mənəvi terror vasitəsinə çevrilməsinin, nifrət və şiddət aləti olmasının qarşısını almaq üçün də səylərini birləşdirməyin zəruriliyini dərk edəcəklər.