Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həkimlərimizi tanıyın!”: Mama-ginekoloq, t.f.d.Təranə Bayramova

“Həkimlərimizi tanıyın!”: Mama-ginekoloq, t.f.d.Təranə Bayramova

Tarix: 4 Iyun 2020 11:24

Bakı. Trend:

"Həkim məsləhəti” rubrikamızı davam etdiririk.

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.f.d.Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında koronavirus COVİD-19 infeksiyasının hamiləliyə təsiri barədə sualı cavablandırıb.

Doktor, yeni tip koronavirus infeksiyası COVİD-19 hamiləliyə necə təsir edir?

Çinin Vuhan şəhərində başlanan və dünyada milyonlarla insanı yoluxduran yeni növ koronavirus infeksiyası COVİD-19, hamilə qadınlara da öz mənfi təsirini göstərməkdədir. Hamiləlik dövrü qadınlar üçün çox həssas və stressli bir dövrdür, beləki analar özləri və körpələrinin yoluxmasından çox narahatdır. Bu müddətdə hamilə qadınlar aylıq tibbi müayinələrinə davam etməli, gigiyenik və təmizlik qaydalarına yüksək səviyyədə riayət etməli, stress və narahatlıqlardan uzaq olmalıdırlar.

Yeni tip koronavirus infeksiyası COVİD-19 əsasən hərarətin olması, öskürək və təngnəfəslik kimi simptomlarla özünü göstərir. Dünyada virusa qarşı hər hansı bir vasitə, peyvənd icad olunmadığı üçün insan həyatını təhlükə altına alan Covid-19-dan qorunmaq çox vacibdir. Ümumilikdə bu xəstəliklə yoluxan insanların 80 faizi xəstəliyi simptomlar olmadan keçirir, bu isə güclü immun sistemi ilə izah olunur. Xəstəlikdən qorunmaq və yoluxmamaq üçün kontakt səthlər azaldılmalı, maskaların taxılması və düzgün istifadəsi, əllərin təmiz yuyulması və dezinfeksiya olunması və sosial məsafənin saxlanılması kimi tədbirlərə əməl olunmalıdır. Müşahidələr və təcrübə göstərmişdir ki, hamiləlik zamanı COVİD-19-la yoluxma hallarına daha az rast gəlinir. Pandemiya prosesi ümumilikdə həddən artıq həssaslıq və stress yaratmaqla hamilə qadınlara psixoloji olaraq mənfi təsir göstərməkdədir

Bu səbəbdən hamilə qadınlarda yuxu saatları düzgün təyin olunmalı, qidalanmaya diqqət edilməli və fiziki hərəkət məhdudlaşdırılmamalıdır. Stress və hədsiz həssaslıq immun sistemini sarsıdan amillərdəndir. Xüsusilə hamilə qadınlar xəstəlikdən özlərini daha çox qorumalı, panikadan uzaq olmalıdır.

Hamiləlik dövründə qadınlarda ağciyər tutumunun azalması və ürəyin iş yükünün artması ilə əlaqədar fizioloji dəyişiklik baş verir. Buna görə də hamilə qadınlarda respirator infeksion xəstəliklər daha ağır seyr edə bilər. Lakin yoluxmuş hamilə qadının hər hansı bir xroniki xəstəliyi olmadıqda COVID-19 infeksiyasının təzahürü və gedişatı yaş qrupu ilə müqayisədə o qədər də ağır keçmir. Xəstəliyin müalicəsində istifadə olunan dərmanlar C kateqoriyasına aiddir, dölə və körpəyə təsir etmir, həmçinin xəstəxanalarda COVİD-19 müalicəsi üçün istifadə edilən dərmanlar hamilə qadınlarda malyariya və revmatoloji xəstəliklərin müalicəsində istifadə olunmaqdadır.

Yoluxmuş hamilə qadınlarla aparılan tədqiqat işləri nəticələrinə əsasən məlum olmuşdur ki, COVID-19 olan hamilə qadınların müalicə nəticələri, hamilə olmayanlara uyğundur. Hamilələrin 60%-ində dölün bərndaxili hipoksiyası səbəbiylə vaxtından əvvəl doğum gerçəkləşmişdir, tədqiqat qrupuna daxil olan ana və körpələrdə ölüm halları qeyd olunmamış, yenidoğulmuşlarda isə virus aşkarlanmamışdır. Nəticə etibarilə əsas risk faktoru hamiləlik deyil, digər yanaşı xəstəliklər hesab olunmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqəli doğuşların cərrahi yolla sonlandırılmasına dair heç bir təklif verilməmişdir. Hər hansı bir tibbi göstəriş olmadığı təqdirdə, tənəffüs fiziologiyasına daha az təsir göstərməsi, ana və yenidoğulmuşların sağlamlığına müsbət təsir etməsi və xəstəxanada qalma müddətinin qısa olmasına görə normal doğuşa üstünlük verilməsi vacib hesab olunmaqdadır. Zahılıq dövründə südvermə əks göstəriş hesab olunmur. Yenidoğulmuşların ana südü qidalandırılması immun sisteminin möhkəmlənməsinə səbəb olan əsas amillərdəndir.


Etiketlər:  Həkimlərimizi tanıyın Mama ginekoloq tfdTəranə Bayramova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ