Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 16:15
Bakı. Asif Mehman - Trend:
Karantin rejimi ilə bağlı yumşaldılmaya gedəndən sonra yoluxmanın sayının artması gözlənilən idi, biz bu rəqəmləri gözləyirdik.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi qrupunun rəhbəri Vasif Əliyev Xəzər TV-yə müsahibəsində deyib.
V.Əliyevin sözlərinə görə, insanlara sosial məsafənin, maskadan istifadənin və şəxsi gigiyeniya qaydalarına əməl etməyin zəruriliyi bildirilib. Ancaq buna baxmayaraq yenə də yoluxma hallarının sayında artma var: "Qaydalara əməl edən vətandaşlarımızla yanaşı, koronavirusa inanmayan insanlarımız da kifayət qədərdir. Bəzi insanlar həkimə müraciət etmirlər. Koronavirusa yoluxub özünü evdə müalicə edənlər var. Sonda xəstəxanaya gec üz tuturlar. Hətta xəstəliyi öz yaxınlarından belə gizlədirlər. Bu isə biz həkimlərin işini çətinləşdirir. Əgər yoluxma ilə bağlı vaxtında müraciət olunsa, xəstənin müalicəsi də asanlaşar, ölüm faizi də aşağı düşər. İnsaların xəstəliyi gizlətməsi və digər şəxslərlə təması yoluxma sayının artmasına səbəb olur".
TƏBİB rəsmisi qeyd edib ki, Azərbaycanda yetəri sayda xəstəxana var, hətta biz hər cür vəziyyətə hazır olmaq üçün qısa zaman ərzində modul tipli xəstəxanalar yaratdıq, eləcə də "Yeni Klinika" istifadəyə verildi: "Ancaq gələcəkdə xəstəliyin artması bizə xəstələr üçün yer problemi yaşada bilər. Bu problem təkcə bizdə deyil, Avropa ölkələrində də yaşanır. Buna görə də biz vəziyyəti idarə olunan formada saxlamaq üçün həftəsonu karantinlərinə qərar verdik. Əgər gələcəkdə yoluxma sayı kəskin artarsa, dövlət xəstaxanaları ilə bərabər, özəl xəstəxanalar da bu prosesə cəlb oluna bilər. Xəstəliyi simptomsuz və yüngül keçirən xəstələrin evdə müalicəsi də aparıla bilər".