Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan cüdosunun tarixi nəticəsində əsas pay sahibi - Portret - FOTO

Azərbaycan cüdosunun tarixi nəticəsində əsas pay sahibi - Portret - FOTO

Tarix: 17 Iyun 2020 22:56

Dünya çempionatının ikiqat gümüş mükafatçısı Kamran Süleymanov: "Özüm də finala çıxacağıma inanmırdım"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Çox məşhur, hamının həyatında dəfələrlə eşidib dilə gətirdiyi bir deyim var: "Sağlam bədəndə sağlam ruh olar". Doğrudur, bir çox deyimlər kimi, bu da bütün hallarda reallıqda əksini tapmır; fiziki sağlamlıq bəzən mənəvi zənginlik üçün kifayət etmir. Ancaq istənilən halda, idman və bədən tərbiyəsi ilə məşğul olmağın insan həyatına, ümumən isə cəmiyyətin möhkəm təməl üzərində inkişafına təsiri danılmazdır. Odur ki, hər bir fərd, həyatının ilk mərhələlərindən etibarən, idmanın açdığı imkanlardan yararlanmalı, maksimum sağlam həyat tərzinə sövq edilməlidir.

Uşaq idmanı, ümumiyyətlə, bir nömrəli prioritetdir. Təsadüfi deyil ki, bir idman növünün ölkədəki durumundan danışarkən, öncə müvafiq uşaq məktəblərinin hansı səviyyədə olduğuna diqqət yetirilir. Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında getdikcə populyarlaşan növlərdən biri, bəlkə də, birincisi cüdodur. XIX əsrin 80-ci illərində Yaponiyada yaranmış, məşhur ictimai xadim Ciqoro Kanonun adı ilə bağlı olan bu döyüş sənəti ölkəmizdə ən kütləvi dövrünü yaşayır desək, daha əvvəlki illərin haqqını yeməyəcəyimizdən əminik. Ötən ilin sentyabrında Qazaxıstanda keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatında yazılmış tarix - komanda şəklində gümüş medal buna əsaslı nümunədir. Bunadək isə 18 yaşadək cüdoçularımız fərdi proqramı iki mükafatla başa vurmuşdular. Beləliklə, Azərbaycan cüdosunda ilk belə uğurun əsas pay sahibi, ümumiyyətlə, sözügedən mundialın ən yaxşısı olan Kamran, bugünkü "Portret" qəhrəmanımızdır.

Güləşi gözü tutmamışdı

Çin Taypeyi, Rusiya və Yaponiya milliləri ilə görüşlərin hamısında tatamini başıuca tərk edən Süleymanov Kamran Yaşar oğlu. O, 17 avqust 2002-ci ildə dünyaca məşhur idmançıların şəhəri Sumqayıtda, ziyalı - mühəndis və müəllim ailəsində anadan olub. Öz dili ilə desək, idmana gəlişini əvvəllər güləşlə məşğul olmuş atasına borcludur. Belə ki, Kamran uşaqlıqda çox dolu, bir az da süst görkəmli uşaq olduğundan, atası onu fiziki aktivliyi yüksək olan döyüş növlərindən birinə yazdırmaq qərarı verir. Ancaq atanın seçimi 5 yaşlı Süleymanovun könlüncə deyildi. "Güləşi gözüm tutmadı" deyir, Kamran: "Mən idmana başlayanda Elnur Məmmədli olimpiya çempionu olmamışdı. Güləş ölkədəki bütün növlərdən çox populyar idi. Atam da onu məsləhət bildi, amma nədənsə, mənim gözüm tutmadı. Dedim, yox, bu, məndə alınmaz. Sonra getdik Sumqayıtda yerləşən Paralimpiya Kompleksinə, orada İbrahim müəllimlə görüşdük (red: Cüdo üzrə paralimpiya yığmamızın baş məşqçisi İ.İbrahimovu nəzərdə tutur). Güləşdən tam fərqli olaraq, cüdo xoşuma gəldi. Lap uşaq olsam da, geyimi, fəndləri, ümumən zalın ab-havasını hiss edib çox sevmişdim. O gündən İbrahim müəllimin yanında məşqlərə başladım. Atam "yayadək getsin, sonra çıxardarıq" deyirdi. 12 ildən çox keçib, bir gün də ayrılmaq haqqında düşünməmişəm".

Kamran İ.İbrahimovla 2014-cü ilədək birgə çalışır. O vaxtdan bu yana isə Sumqayıt UGİM-in sıralarında, Zülfüqar Bayramovun yanında hazırlıq keçib.

Dünyaya qədər Avropa: Bir dəst medal

Bir neçə ilini cüdonun sirlərinə yiyələnməklə keçirən Kamran, vaxt çatanda yarışlara da qatılmağa başlayır. Kiçik yaşlılar və yeniyetmələr arasında 38, 42, 46, 50 kq çəki dərəcələrində Azərbaycan birinciliyi və Sumqayıtda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə üst-üstə on dəfəyədək mükafatçılar sırasına düşən Süleymanov, dünya çempionatına qədər Avropa kuboklarında sözünü deməyi bacarmışdı. 2017-ci ilin oktyabrında Sloveniyanın Koper şəhərində üçüncü, 2019-un martında Antalyada ikinci, bir ay sonra isə Çexiyada baş tutan analoji yarışın çempionu olan yeniyetmə, habelə, keçən ilin iyununda Polşa paytaxtı Varşavada AÇ üçüncülüyünədək yüksəlir.

Təzadlı "sürpriz"

Lakin sadalanan nəticələrin heç biri Almatıda yarışdığı 60 kq çəki dərəcəsi ilə bağlı deyil. Odur ki, mundial qəhrəmanımızın DÇ-lərdəki ilk cəhdindəncə finaladək irəliləməsinə "sürpriz" desək, yanılmarıq. Özü də etiraf edərək deyir ki, Qazaxıstana səfər ərəfəsində onunla bağlı gözləntilər, sadəcə, komanda yarışı ilə bağlı olub: "Mənə deyirlər ki, o gün sənin günün idi. Nə gizlədim, özüm də əvvəlcədən finala qədər irəliləyəcəyimə inanmırdım. Həmin ərəfədə zədəli olsa da, fərdi yarışla bağlı bütün ümidlər Turana (red: komanda yoldaşı, Avropa çempionu Turan Bayramovu nəzərdə tutur) idi. Ancaq bir yandan da nəticəmin böyük sensasiya kimi qəbul edilməsini doğru hesab etmirəm. İdmançı olmaqdan əlavə, mən həm də cüdo azarkeşiyəm. Cüdoda "sensasiya" deyə, bir hal qalmayıb. Demək ki, mən o yarışa rəqiblərimdən daha yaxşı hazırlaşmışdım".

DÇ "gümüş"ünə gedən yol haqda qısaca qeyd edək ki, Süleymanov Braziliya, Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızıstandan olan həmkarlarını böyük əzmkarlıqla yenərək, sona saniyələr qalmış yaponiyalı Keici Tsuciokaya "vazari" xalı ilə yenildi. Tarixi nəticə ilə sona çatan komanda yarışında isə məğlubiyyətsiz olaraq, yığmamızın heyətində ən yaxşı performansı məhz o, göstərdi.

İlin sonunda Kamran artıq 66 kiloqramda görünməyə başladı. Əvvəlcə böyüklərin respublika çempionatında mübarizə apardı, cari ilin əvvəlində isə gənclərin Azərbaycan birinciliyində təsəlliverici mərhələyədək irəlilədi. Məlum, belə sürətlə çəki dəyişib uğurlu olan nümunələrin sayı çox azdır.

Təəssüfü: "Məndən qat-qat çox..."

Koronavirus və idman. Bu, aylardır ki, idman mediasındakı informasiyaların ana xəttidir. Dünya idman ailəsinin aparıcı üzvlərindən biri kimi, mövcud vəziyyət; uzandıqca uzanan qeyri-müəyyənlik bizi də olduqca qayğılandırır. "İlin əvvəlində əla formadaydım" deyən Kamran da arada itən zamanın üzüntüsü içərisindədir: "Bu, gənclərdə ilk ilim olacaqdı. Özümü mübarizəyə tam hazır hiss edirdim. Ancaq neyləmək olar, deməli, qismət belə imiş. Həm də, bizdə karyerasının sonuna gəlmiş, məndən qat-qat çox heyfslənən idmançılar var".

"Bunu bir də canlı hiss etmək əla olar"

"Karyaqa", "sode tsurumi qoşi", "morote seoi-nage". Kamranın "Kral" fəndlərimdir" dediyi bunlar, cüdoda kifayət qədər texnikalı, baxımlı fəndlər hesab edilir. Ümumən, güləş üslubu haqqında danışarkən, "Üstünlüyüm dözümlülüyüm, zəif tərəfim sürətimin istədiyim kimi olmamasıdır" deyir. Bu arada, ondan hansı cüdoçu ilə üz-üzə gəlmək arzusunda olduğunu soruşduq. Cavab isə qəti təəccübləndirmədi: "Şohey Ono ilə. Onunla yarış vaxtı üz-üzə gəlməyim inandırıcı deyil. Çünki mən qarşıdakı bir neçə il ərzində çətin ki, yuxarı çəkiyə keçim. Ancaq məşq vaxtı onunla kimono tutmağı çox istərdim. O, kənardan həddən artıq möhkəm, sanki yerə pərçimlənmiş kimi təsir bağışlayır. "Dəmir adam"ın gücünü bir də canlı hiss etmək əla olar".

"Böyüklərin mübarizəsinə tam hazır vəziyyətə gəlmək üçün azı iki il zaman lazımdır" - deyə, düşünür. Belədə, 2024-cü ildəki olimpiadada iştirak, əsas arzusu, hədəfidir. Yer aldığı aşağı çəki dərəcələrində Azərbaycanda həmişə böyük rəqabət olduğunu nəzərə alsaq, Kamran istəyinə çatmaqdan ötrü hələ çox tər tökməlidir. Əzmkar, hər an təəccübləndirmək potensialının olduğunu dəfələrlə sübut edən Süleymanov üçün heç bir sədd keçilməz deyil, əslində.

Portret

Cüdo - yapon dilindən tərcümədə yumşaq yol və ya prinsip anlamına gəlir. Qurucusu Ciqoro Kanonun təbirincə desək, buradakı fəndlərin köməyi ilə insan özündən qat-qat güclü adama rahatlıqla qalib gələ bilər. Vacib olan, rəqibi maksimum dəyərləndirib, bir elə tez və doğru qərar qəbuletmə potensialıdır. Cüdonun idmançılardan ilk tələbi isə nizam-intizam, böyük-kiçiyə, o cümlədən rəqibə hörmətdir. Bir idmançı öz rəqibini məğlub etməyinə baxmayaraq, ona qarşı hörmətsizlik edərsə, "hansoku-make" cəzası ilə yarışdan kənarlaşdırılır və məğlub tərəf qalib elan olunur. Bu faktları vurğulamağımız əbəs deyil. Belə ki, Kamran taktiki-texniki bacarıqları ilə fərqlənən, qısa zamanda yetərincə uğur qazanmış idmançı olmaqdan əvvəl, təlim-tərbiyəsi ilə nümunəvi bir Azərbaycan gəncidir. Onun üçün sadəcə bir döyüş meydanı var, o da elə tatamidir.

Milli.Az


Etiketlər:  Azərbaycan cüdosunun tarixi nəticəsində əsas pay sahibi Portret FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ