Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı metropoliteni COVİD-19-la bağlı 6 yeni variantda posterlər nümayiş etdirir

Bakı metropoliteni  COVİD-19-la bağlı 6 yeni variantda posterlər nümayiş etdirir

Tarix: 18 Iyun 2020 10:56

Bakı. Samir Əli - Trend:

Yeni tipli koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar sərnişinlər arasında virusun yayılmasına diqqəti daha da yaxından cəlb etmək məqsədilə sosial təbliğat kampaniyasını davamlı olaraq gücləndirən "Bakı Metropoliteni" QSC daha bir neçə silsilə yeniliyini sərnişinlərin diqqətinə təqdim edir.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahı cari il may ayının 9-da Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətini 38 günlük fasilədən sonra bir sıra şərtlər daxilində, o cümlədən ictimai nəqliyyat üçün elan edilmiş metodiki göstərişin müvafiq tələblərinə uyğun bərpa edilməsi barədə məlumat yayıb.

Həmin tələblərə əsasən, sərnişinlər metropolitendə sosial məsafəni qorumalı və tibbi maska taxaraq hərəkət etməlidirlər. Bu məsələlərə sərnişinlərin diqqətini cəlb etmək üçün fərqli formatlarda təbliğatını qurmuş metropolitendə səsli elanların verilməsinə də xüsusi diqqət ayrılırdı. Buna qədər stansiyalarda əsasən, növbətçilərin və nəzarətçilər, qatarlarda isə maşinistlər, mütəmadi olaraq, sərnişinlərə metodiki göstərişlərin tələblərinə əməl edilməsi ilə bağlı çağırışlar edirdilər.

Artıq qatarlarda müvafiq tövsiyələr aparıcı DJ Fateh təxəllüslü Məmmədəli Məmmədovun səsi ilə təqdim edilir. Onu da əlavə edək ki, qatarlarda bu məqsədlə aparıcının 8 fərqli müraciətinin səs yazısı lentə alınıb. Bu fərqliliklərdə əsas məqsəd sərnişinlərin eyni mövzuda səslənmə ilə yormadan monotonluğu aradan qaldıraraq və bununla da metodiki göstərişlərin tələblərinə onların diqqətini daha yaxından cəlb etməkdir.

Tezliklə stansiyalarda da məşhur aparıcının səsi ilə sərnişinlərə müraciətlər yer alacaq. Qatarlardan fərqli olaraq stansiyalardakı müraciətdə "COVID-19"la əlaqədar təkcə Bakı metropolitenində deyil, ümumiyyətlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, o cümlədən Səhiyyə Nazirliyinin, TƏBİB-in və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri də yer alır.

Qeyd edək ki, bu qəbildən olan sosial aksiyalarını davam etdirən Bakı metropoliteni iyun ayının 1-dən 4-dək Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbəqədər yaşlı uşaqların dili ilə sərnişinlərə səslənmişdi.

Bundan savayı, davamlı olaraq statik məlumatları da yeniləyən Bakı metropoliteni 6 yeni variantda plakat və posterləri təqdim edir. Bu posterlərdə "Bakı Metropoliteni" QSC-nin koronavirus infeksiyası ilə bağlı şüar çağırışları, eləcə də bu xüsusda həyata keçirdiyi tədbirlərin mahiyyəti də yer alır. Bunlar arasında ventilyatorların iş rejimi, əsaslı və cari dezinfeksiya işlərinə də sərnişinlərin diqqəti çəkilir.

"Bakı Metropoliteni" QSC özünün həyata keçirdiyi layihələrlə yanaşı, TƏBİB və "Bakı Media Mərkəzi" ilə əməkdaşlıq şəraitində stansiyalarda "COVID-19"la əlaqədar bir çox sosialyönümlü təbliğat kampaniyaları həyata keçirilir. Stansiya monitorlarında videoçarxlardan, eləcə də statik məlumatlandırma və təbliğat imkanlarından da geniş istifadə edilir. Ötən gün diqqəti daha da yaxından çəkmək üçün metropoliten stansiyalarının sütunlarında da sosial çağırışları əks etdirən tərtibatların yerləşdirilməsinə başlanılıb.


Etiketlər:  Bakı metropoliteni COVİD bağlı yeni variantda posterlər nümayiş etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ