Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 20:48
Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkədə karantin gündəmə gələn ilk günlərdən koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahların fəaliyyətini müvəqqəti dayandıraraq, kütləvi ibadət mərasimlərinə ara verilməsi barədə tapşırıq və tövsiyələrini verib.
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı ilə və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. Qapalı, yaxud açıq məkanlarda on nəfərdən artıq şəxsin iştirakı ilə ehsan verilməsi və yas məclislərinin təşkili və orada din xadimlərimizin iştirakına icazə verilmir. Tövsiyə sənədimizdə bu məqamlar birmənalı şəkildə əksini tapıb: "Bütün din xadimlərinə bununla bağlı tərəfimizdən tapşırıq verilib. Bu tövsiyə qərarlarının icrasına QMİ nəzarət edir, tapşırığın yerinə yetirilməsinə yerlərdəki qazilərimiz və səlahiyyətli nümayəndələrimiz məsuldurlar və bu barədə QMİ-yə mütəmadi məlumat verirlər. Bu müvəqqəti çətinlik dövründə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa QMİ tərəfindən müvafiq ölçü götürüləcək.
QMİ bir daha öz tövsiyələrini diqqətə çatdırır və əmindir ki, dindarlarımız və cəmiyyətimiz hər birimiz üçün təhlükəli olan məqamda tibbi-profilaktik tədbirlərə riayət etməklə yanaşı vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar. Ümid edirik ki, Allah-təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaqdır, inşallah. Bu çətin və məsuliyyətli dövrdə xalqımızın pandemiya ilə mücadiləsində böyük əzm və mətanət nümayiş etdirən həkimlərimizə, təhlükəsizliyimizin keşiyində duran polis işçilərinə dərin minnətdarlığımızı bildirir, onlara şərəfli fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirik. Bu mürəkkəb dövrdə din xadimləri də öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər. Öz sağlamlıqlarını riskə ataraq vəfat etmiş insanları üçün şəriətlə mühüm olan dini vacibatların yerinə yetirilməsini gecəli-gündüzlü həyata keçirməklə fəddakarlıq nümayiş etdirirlər. Din xadimləri Azərbaycan xalqının xidmətindədirlər və bundan şərəf duyurlar".