Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 11:18
Əgər biz əvvəllər yeniyetmələr arasında uşaqların təhsildən yayınması (xüsusilə də qızların), erkən nikah hallarının aradan qaldırılması, zərərli vərdişlərin ziyan və fəsadları haqqında davamlı və sistemli maarifləndirmə və məlumatlandırma işləri aparırdıqsa, bu gün artıq başqa ciddi məsələlər gündəmdədir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.
O əlavə edib ki, bu gün uşaq və yeniyetmələr internet və sosial şəbəkələrdən geniş istifadə edir, onlara əlçatanlıq yüksəkdir:
"Bu isə əlbəttə ki, lazımlı və faydalı məlumatlarla yanaşı, mənfi informasiyaların əldə olunmasına da səbəb olur. Hər bir informasiya onların davranışına, həyata baxışına, insanlarla münasibətinə təsir göstərir. Əsasən də yeniyetmələrin keçid yaş dövründə bu məsələ daha da aktuallaşır. Nəzərə alsaq ki, bəzən valideynlər öz övladları ilə daha az vaxt keçirir, onların dostlarını yaxından tanımır, uşaqlara münasibətdə məsuliyyət hissi daha azdır, o zaman bu fəsadlar daha da təhlükəli olur".
S.Talışinskaya hesab edir ki, bu səbəbdən həm valideyn məsuliyyətinin və nəzarətinin artırılması, həm də yeniyetmələrin cinsi tərbiyə, cinsi inkişaf, bu sahədə məlumatsızlığın fəsadları ilə bağlı onların başa düşə biləcəyi dildə və elmi izahlarla maarifləndirmə tədbirləri görülməlidir.
Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyən S.Talışinskaya qeyd edib ki, ölkəmizin bu istiqamət üzrə beynəlxalq sənədlərə qoşulması üçün tədbirlər görülür. "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyası 2010-cu ildə imzalanıb. "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Lansarote Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 22 oktyabr 2019-cu il tarixli Qanununun qəbul edilməsi uşaqlara qarşı cinsi zorakılıq hallarının aradan qaldırılması istiqamətində daha effektiv tədbirlərin görülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Həmin sənədin 6-cı maddəsində deyilir ki, hər bir tərəf bütün zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, ibtidai və orta təhsil zamanı cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə uşaqların öz inkişaf səviyyəsinə uyğun məlumat alması təmin edilsin. Zəruri hallarda valideynlərlə birgə təqdim edilən bu məlumat cinsi tərbiyəyə aid daha ümumi kontekst çərçivəsində verilir və təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadəni əhatə edən vəziyyətlərə xüsusi diqqət yetirir. Eyni zamanda, burada qabaqlayıcı müdaxilə proqramları və ya tədbirlərdən istifadə etmək imkanının təmin olunması məsələsi də qeyd olunub. Artıq yerli qanunvericiliyin Lansarote Konvensiyasına uyğunlaşdırılması istiqamətində işlər aparılır. Bu, uşaq və yeniyetmələrin, valideynlərin maarifləndirilməsi istiqamətində işlərin daha da gücləndirilməsinə təkan verəcək".