Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 10:24
Bakı. Elçin Mehdiyev – Trend:
1993-cü ilə qədər ölkəmiz elə vəziyyətə düşmüşdü ki, Azərbaycanın bir dövlət kimi mövcud olması şübhə altında idi. Yaxın gələcəkdə respublikada sabitliyin bərpa olunacağına bütün dünya şübhə ilə yanaşırdı.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, o dövrdə ölkədə problemlər gündən-günə artırdı, vəziyyət daha da çətinləşirdi:
"Ölkəni bu vəziyyətdən çıxara bilən qüvvə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ümidlər ancaq ona idi. Çünki xalq yaxşı bilirdi ki, dünya siyasətçiləri də Heydər Əliyevi müdrik şəxsiyyət, siyasət nəhəngi adlandırırlar. Vətənə heç vaxt biganə qalmayan ulu öndər Heydər Əliyev xalqın çağırışına əsasən Naxçıvandan Bakıya gəlir. 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçilir. Beləliklə, Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas edir. Aparılan məqsədyönlü siyasət nəticəsində stabil, normal həyat bərqərar oldu. Sabitlik təmin olduqdan sonra dövlət quruculuğu istiqamətində təxirsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul olundu".
E.Səlimov qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası böyük əhəmiyyət kəsb edir:
"1994-cü ilin sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi”, 1999-cu ilin noyabrın 18-də Bakı-Tiblisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunması haqqında saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Ulu öndər dünyəvi, hüquqi dövlət qurdu, ordunu yaratdı, insanlarda inam yaratdı. Ölkəmiz dünyada tanınmağa başladı, inkişaf etdi, iqtisadiyyat gücləndi və bu gün Azərbaycan həm regional, həm də beynəlxalq təhlüksizlik sisteminin qurulmasında fəal iştirak edir. Ümummilli liderin başlatdığı layihələr onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev yolunun alternativi yoxdur və bu yol xalqımızı yeni-yeni zəfərlərə aparacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin