Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 13:20
Bakı. Trend:
Azərbaycanda taxıl sahələrinin 45,7 faizində biçin başa çatıb. İyunun 23-nə olan operativ məlumata görə, 461907 hektar sahədən 1455342,8 ton taxıl yığılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, taxıl üzrə orta məhsuldarlıq 31,5 sent/ha, o cümlədən buğda üzrə 33,3 sent/ha, arpa üzrə isə 30,4 sent/ha təşkil edir.
Bu il Azərbaycanda 369 min hektardan çox sahədə arpa əkilib. Bugünədək arpa sahələrinin 76 faizində biçin yekunlaşıb. Sahələrdən 860968,2 ton arpa yığılıb. Artıq 22 rayonda arpa sahələrinin 95 faizindən çoxu biçilib.
Sahələrdə buğda biçini sürətlə davam etmıkdədir. Bugünədək 178681,8 hektar sahədə buğda biçini aparılıb, sahələrdən 594374,6 ton buğda yığılıb.
Biçin prosesində 1671 kombayn iştirak edir. Bunlardan 611-i "Aqrolizinq" ASC-nin yerli bölmələrində olan kombaynlardır. "Aqrolizinq" tərəfindən digər rayonlardan aktiv biçin gedən bölgələrə əlavə olaraq 142 kombayn dislokasiya edilib. Biçin prosesinə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 918 kombayn da cəlb olunub.
Biçin davam edir.