Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 13:15
"Bu günün müasir Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Artıq Silahlı Qüvvələrimiz yaranmasının növbəti ildönümünü qeyd edir və hər bir azərbaycanlı öz şanlı, qələbə əzmli ordusu ilə fəxarət hissləri keçirir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakı zamanı irəli sürdüyü fikirlərini şərh edərkən deyib.
Baş redaktor qeyd edib ki, Ordumuz bugünkü uğurlu mövqeyinə gələnə qədər heç də rahat yollar keçməyib və müstəqilliyimizin bərpasından sonra həmin vaxtların hakimiyyətləri tərəfindən ciddi zərbələrə məruz qalıb: "Əbəs deyil ki, Prezident İlham Əliyev hərbi hissənin açılışı zamanı bu amilə diqqət çəkib və Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlmək üçün əl atdığı xəyanətləri səbəbindən faciələr yaşandığını vurğulayıb. Hətta alınmaz qala Şuşanın düşmənə təhvil verildiyini xatırladıb. Dövlət başçısı bildirib ki, 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi, bunun ardınca isə Kəlbəcər verildi, nəticədə işğalçı Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü. Söz yox ki, Ulu Öndər Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, xalqı, dövləti AXC bəlasından xilas etməsəydi vəziyyət daha da pisə doğru inkişaf edərdi. Bu baxımdan, Prezident İlham Əliyev xüsusilə xatırladıb ki, bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir".
Siyasi ekspert həmçinin bildirib ki, bu gün yenidən hakimiyyətə iddialarını ortaya qoyan qaragüruhçu qruplar Azərbaycanın inkişafına mane olan istənilən qlobal problemlərdən sevindiklərini utanmadan büruzə verirlər: "Əlbəttə, belələrinin daxilində nə xalqa, nə dövlətə sevgi, nə də Orduya rəğbət ola bilməz. Çünki onlar daim dövlətçiliyimiz əleyhinə xarici düşmənlərlə əlbir olublar, bu gün də eyni hal davam edir. Dövlətimizin başçısı neftin qiymətinin 14 dollara düşməsinə görə onların bir-birlərini utanmadan təbrik etmələrini xatırlatmaqla gerçək simalarını, daha dəqiq desək, simasızlıqlarını ifşa etdi və onu da xatırlatdı ki, dövlət katibi o vaxt prezidentlə fərarilik edib, qaçıb-gizlənib. Bu baxımdan, xalq heç vaxt onları qəbul etməyib, etməyəcək də".
"Artıq bütün bu fəlakətlər geridə qalıb və Azərbaycan dövləti, Azərbaycan Ordusu dünyanın aparıcı Silahlı Qüvvələri arasında yer alır", deyən Bəhruz Quliyev onu da bildirib ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir: "Bunu cənab Ali Baş Komandanımız da çıxışında xüsusilə vurğuladı və qeyd etdi ki, yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hətta kazarmalarda kondisionerlər də quraşdırılıb, əsgər və zabitlərin sosial-məişət vəziyyətləri ən yüksək standartlara cavab verir. Prezident İlham Əliyev bildirib ki, məhz Onun göstərişi ilə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Çünki əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır və eyni zamanda, imkan verir ki, istənilən vəzifə icra edilsin. Bu baxımdan, uğurlu Ordu quruculuğu dövlət siyasətinin prioritet məsələsi olaraq dəyərləndirilir".
"SƏS" qəzetinin baş redaktoru son olaraq bildirib ki, Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında yer alması əbəs deyil: "Əlbəttə, bütün bu reallıqlar bilavasitə Azərbaycan dövlətinin diqqət və qayğısının məntiqi nəticəsidir. Dövlət başçısının "Mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir" fikri də bütün bu gerçəklikləri isbatlayır. Silahlı Qüvvələrimizin hərbi-texniki təchizatından tutmuş hərbi sənayemizin inkişafına qədər hər bir fakt onu da deməyə imkan verir ki, məhz Azərbaycan Ordusunun gücü və qüdrəti, hərbçilərimizin qəhrəmanlığı, şücaəti və sonsuz vətənpərvərlik hissləri qısa zamanda Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş ərazilərimizi geri qaytaracaq. Hesab edirəm ki, məhz 2016-cı ilin Aprel zəfəri və ondan sonrakı Naxçıvandakı Günnüt qələbələri növbəti qələbələrimizin başlanğıcıdır. Mən eyni zamanda fürsətdən istifadə edərək, Azərbaycanın bütün hərbçilərini Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, uğurlar və qələbələr arzulayıram".