Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəbdəbəli və israfçı toy məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir - Sosioloq

Dəbdəbəli və israfçı toy məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir - Sosioloq

Tarix: 5 Iyul 2020 13:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Uzun illərdir ki, toylarımızda, hətta yas mərasimlərində israfçılığın edilməsi ictimaiyyətdə ən çox müzakirə olunan və tənqidə məruz qalan məsələlərdən biridir. Lakin bütün bu tənqid və qınaqlara baxmayaraq, mövzu aktuallığını itirmir, əksinə bu sahədə problemlər artaraq daha qabarıq formada özünü biruzə verməyə davam edir.

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, toylarımızın artıq uzun müddətdir ki, həm toy sahibi, həm də dəvət olunan qonaqlar üçün ciddi bir maddi yükə çevrildiyi heç kimə sirr deyil. Belə ki, əvvəlki illərdə olduğu kimi indi toyda toplanılan pullarla toy sahibi hər hansı ehtiyacını ödəyə bilmir. Bu pul əksər hallarda yalnız restoran və müğənni xərclərinə kifayət edir:

“Həm də həqiqətən aylıq məvaciblə ailəsini dolandıran orta gəlirli Azərbaycan vətəndaşı üçün ayda təxminən 3-4 toy məclisində iştirak etmək və ora “pul yazdırmaq” iqtisadi cəhətdən çox çətindir. Eyni zamanda, toylardakı yeknəsəqlik və hədsiz dərəcədə yüksək səs əlavə psixoloji gərginliyə səbəb olur. Təbii ki, bu sahədən kifayət qədər gəlir əldə edən iş adamları və şou biznes əhli var. Həmin şəxslər vəziyyətin məhz bu cür davam etməsini həm arzulayır, həm də müxtəlif təbliğat üsulları ilə buna nail olmağa çalışırlar. Bu, əslində göstərişin hakim olduğu istehlak cəmiyyətləri üçün spesifik bir haldır. Bu cür cəmiyyətlərdə sosial həyat həqiqət prizmasından uzaqlaşaraq fantaziyaların üstünlük təşkil etdiyi bir sferaya çevrilir”.

Ə.Süleymanlı qeyd edib ki, belə cəmiyyətlərdə fərdlər ehtiyaclarını ödəmək üçün deyil, arzu və xəyallarını təmin etmək məqsədilə istehlak davranışı sərgiləyirlər. Çünki göstərişin təqdim etdiyi simvollar onların arzularını hədəf olaraq seçmək, bu cür həyat tərzini müxtəlif təbliğat vasitələri ilə diqtə etməkdədir.

Sosioluqun sözlərinə görə, indi artıq bütün dünyada koronavirusun meydana gətirdiyi şərtlərlə birlikdə insanlar həm sağlamlıq, həm də maddi baxımdan bir çox istehlak vərdişlərini yenidən nəzərdən keçirirlər. Xüsusilə indiki zamanda dünyada dəbdəbə və israfçılığa səbəb olan istehlak davranışlarından boyun qaçırma halları müşahidə olunur. Buraya həmçinin toy məclisləri, ad günləri kimi müxtəlif növ əyləncə tədbirləri də aiddir:

"Artıq ara məsəfəni qorumaq və yoluxma riskinə görə toylarda qonaqların sayını azaltmaq lazım gələcək. Hesab edirəm ki, bu vəziyyət dəbdəbəli və lüzumsuz israfçı toy məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir. Ailə içində, təbiət qoynunda hər kəsin deyib-gülüb xoş vaxt keçirəcəyi çox darıxdığımız el şənliklərini yenidən canlandıra bilərik".

Ə.Süleymanlı qeyd edib ki, ailə və nikah institutu mövzusunda son aylarda Azərbaycanda və xaricdə təhsil alan 900 gənc respondent arasında sorğu keçirib. 80 suallıq anket tədqiqatında “Hansı növ mərasimlə ailə həyatı qurmağı arzu edirsiniz” sualına respondentlərin əhəmiyyətli bir hissəsi - 23 faizi “ailə daxilində kiçik bir kampaniya” cavabını verib:

"Buradan belə bir nəticəyə gəlmək olar ki, gənclər də bu cür izdihamlı, menyu və qonaqların say çoxluğu ilə ölçülən toy mərasimlərindən sıxılıblar. Toy azərbaycanlıların sosial həyatının çox vacib komponentlərindən biridir. Əlbəttə ki, hər bir kəs toy gününün yaddaqalan keçməsi, ömür boyu xatirələrdə qalmasını arzu edir. Bunun üçün də, toylarımızı əsl məqsədinə yönəltmək lazımdır və onlar həqiqi mənada hamının zövq alacağı bir şənlik ab-havasında keçirilməlidir. Toyların sadələşdirilməsi üçün öz məclislərimizdən başlamalıyıq. “El-aləm nə deyər” kimi lüzumsuz fikirlərdən qurtulmalı, istehlak cəmiyyətinin təbliğat maşınının təzyiqlərinə tab gətirməyi bacarmalıyıq. Onda həm toylarımız insanlara maddi baxımdan yük olmayacaq, həm də daha bərəkətli və şən keçəcək. Bu işdə KİV-lərin də öhdəsinə böyük məsuliyyət düşür. Belə ki onlar da çox dəbdəbəli toyları təbliğ etmək əvəzinə tanınmış şəxsləri (məmurlar, ictimai xadimlər və s) toylarda lüzumsuz israfa yol verdikləri üçün tənqid etməyə çalışsalar, bu məsələyə töhfə verə bilərlər."


Etiketlər:  Dəbdəbəli israfçı məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir Sosioloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ