Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 21:10
"Sərhədsiz Reportyorlar"ın baş katibi Kristof Delor Azərbaycanı Harlem Desirin ATƏT-in mətbuat məsələləri üzrə nümayəndəsi vəzifəsinə namizədliyinin bloklanmasına son qoymağa çağırıb. Əlavə edib ki, guya "rəsmi Bakı Desirin Azərbaycanda KİV və jurnalistlərin azadlığının pozulmasını daim tənqid etdiyinə görə qisas alır, Desirin mandatının uzadılmasına blok qoyur".
Kökündən yanlış fikirdir, hətta qərəzlidir. Bu, "Sərhədsiz Reportyorlar" tərəfindən Azərbaycana qarşı uzun müddət sərgilənən ədalətsiz mövqeyin davam etdirilməsidir. Rəsmi Bakının Harlem Desirdən narazı olmasının ciddi əsasları var. Azərbaycanın istər hökumət, istərsə də qeyri-kökumət təşkilatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri illərdir ki, ATƏT-ə, onun ayrı-ayrı strukturlarına və təmsilçilərinə ünvanladıqları suallara doğru-dürüst cavab ala bilmirlər. Ölkəmiz ATƏT-in missiyasına daxil olan bütün istiqamətlər üzrə - siyasi, hərbi, iqtisadi və o cümlədən, insan hüquqları üzrə-səmərəli əməkdaşlıq qurmaqda maraqlıdır. Ölkəmiz Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisinin geri qaytarılması, münaqişənin ədalətli həll edilməsi üçün məhz ATƏT-i, onun Minsk Qrupunu vasitəçi seçib. Effektiv bir nəticə varmı? Yoxdur. Niyə nəticə olmaması barədə suallar çoxdur, amma cavab almaq mümkün deyil. ATƏT hələ də işğalçı ilə işğal olunan arasında lazımi fərqləndirməni apara bilməyib. Minsk Qrupunu ona görə misal çəkirəm ki, bu barədə hər kəs məlumatlıdır söhbətin nədən getdiyini hamı bilir. Məsələ budur ki, təşkilatın eyni yanaşmasını, anlaşmaz mövqeyini başqa sahələrdə, eyni zamanda, insan hüquqları müstəvisində də görmək mümkündür. Çox təəssüf ki, insan haqları, media azadlığı mövzusu bu gün əksər beynəlxalq təşkilatlar kimi, ATƏT-in bəzi strukturları üçün də manipulyasiya vasitəsinə, alver predimetinə çevrilib. Belə yanaşma Azərbaycanın təkcə hökumətini, hakimiyyətini deyil, vətəndaş cəmiyyəti institutlarını və birbaşa vətəndaşlarını da narahat edir. Çox sadə bir nümunə var: 2018-ci ilin ilk ayında Ermənistanda yazıçı-jurnalist Mher Yereqazyan Paşinyan hökumətinin təzyiqlərinə, onu həbsə atdırmasına etiraz edərək, aclıq aksiyası keçirdi və yekunda öldü. Bu, siyasi repressiyanın, ifadə azadlığına qarşı basqının bariz nümunələrindən yalnız biridir. Biz 100-lərlə bu cür nümunələr göstərə bilərik və göstəririk. Sadəcə ən məşhurunu, hamının bildiyini misal çəkirik ki, mənzərə aydın olsun. İstənilən şəxs "Sərhədsiz Reportyorlar"ın saytına daxil olub axtarış apara bilər (https://rsf.org/en) . Baxın, Mher Yereqazyanla bağlı bir kəlmə yazılıbmı? "Sərhədsiz Reportyorlar" bu barədə heç bir bəyanat, açıqlama yaymadı. ATƏT, onun media komissarı da bu məsələyə reaksiya vermədi, Yereqazyanın öldürülməsini pisləmədi. Niyə? Axı həmin vaxtı həm Harlem Desir, həm də "Sərhədsiz Reportyorlar" Azərbaycanı zərrəbbinlə müşahidə edir, hər asqıranı, öskürəni qeydə alıb insan haqlarının pozulması kimi ictimailəşdirirdilər.
Biz demirik ki, ATƏT, "Sərhədsiz Reportyorlar", yaxud Harlem Desir niyə Azərbaycanda insan haqları pozuntularına münasibət bildirir? Xeyr, şəxsən mən heç vaxt bu sualı səsləndirməmişəm. Fikrim budur ki, insan haqları pozuntusunu qeydə almaq, onun aradan qaldırılmasına çalışmaq beynəlxalq təşkilatın borcudur. Biz deyirik ki, niyə bu təşkilatlar məsələlərə birtərəfli, qərəzli yanaşırlar? Niyə Azərbaycanda bir hadisə barədə 10 dəfə bəyanat səsləndirirlər, amma Ermənistanda 10 hadisə, hüquq pozuntusu barədə 1 dənə də olsun bəyanat səsləndirmir? Bu ikili yanaşma, qərəzli yanaşma deyilmi? Bu, insan haqları mövzusunu alver predimetinə çevirmək deyilmi? Bir dövləti süni şəkildə demokratiya yanlısı kimi təqdim etmək, digər dövləti isə haqlı-haqsız gözdən salmaq nə deməkdir? Bu yöndə Harlem Desirə dəfələrlə sual ünvanlanıb, müraciətlər edilib, amma heç bir cavab alınmayıb, o öz hərəkətlərini davam etdirib. Azərbaycan dövləti, ya da başqa birisi, bu cür münasibətə öz etirazını bildirməlidir, bildirir də. Desirin eyni vəzifəyə təkrar seçimi məsələsi bu yöndə suallara aydınlıq gətirmək üçün yaxşı fürsətdir. Fikrimcə, rəsmi Bakı da bu durumu dəyərləndirir. Amma yenə də bəzi təşkilatlar ortaya düşüb suyu bulandırır, həquqətin üzə çıxmasına mane olurlar. "Sərhədsiz Reportyorlar" kampaniya aparır ki, guya "rəsmi Bakı Harlem Desirdən qisas alır". Bu, qisas deyil, münasibətlərin aydınlaşdırılmasına cəhddir, illərlə səsləndirilən, qulaqardına vurulan suallara cavab almaq istəyidir. Biz, vətəndaş cəmiyyəti institutları olaraq, ölkəmizin beynəlxalq təşkilatlara, Qərb institutlarına inteqrasiya etməsində, əməkdaşlıq qurmasında maraqlıyıq. Bizim üçün ən uyğun yol budur. ATƏT kimi vacib təşkilatla əməkdaşlıq da həm vətəndaş cəmiyyətinin, həm də dövlətin marağındadır. Amma onlar da öz hərəkətlərində düzəliş etməlidirlər, ikili standartlardan əl çəkməli, münasibətlərini səmimi, qarşılıqlı faydalılıq üzərində qurmalıdırlar.
Müşfiq Ələsgərli