Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov XİN başçisi kimi ilk fövqəladə iclasa qatıldı - FOTO

Ceyhun Bayramov XİN başçisi kimi ilk fövqəladə iclasa qatıldı - FOTO

Tarix: 16 Iyul 2020 20:48

16 iyul 2020-ci il tarixində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılmış iclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri iştirak edib.

Xarici İşlər naziri öz çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən 12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə törədilmiş hərbi təcavüz, bununla əlaqədar regionda yaranmış vəziyyət və Azərbaycan tərəfindən həyata keçirilmiş qətiyyətli əks-tədbirlər barədə məlumat verib.

Nazir Ermənistan tərəfindən Azərbaycanın silahlı qüvvələri ilə yanaşı, beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhali və mülki obyektlərin də hədəf alındığını diqqətə çatdırıb və hücum nəticəsində Azərbaycan silahlı qüvvələri, eləcə də mülki şəxslər arasında itkilərin qeydə alındığını və mülki obyektlərə ciddi xəsarət yetirildiyini qeyd edib.

C.Bayramov Ermənistanın davam edən təxribatının münaqişə ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirmək, Ermənistanda formalaşan və COVID-19 pandemiyasının təsiri altında daha da kəskinləşən sosial-iqtisadi, maliyyə və siyasi böhrandan diqqəti yayındırmaq niyyəti ilə törədildiyini vurğulayıb. Ermənistanın bu hərəkətlərinin ümumilikdə beynəlxalq hüququn, eləcə də Qoşulmama Hərəkatının əsasını təşkil edən Bandunq Prinsiplərinin ciddi pozuntusu olduğunu bildirib.

Nazir Ermənistanın təxribatçı hərəkətlərinə son qoymaq və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın cinayətkar əməllərinin ciddi və birmənalı pislənilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Nazir Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla bu cür prinsipial mövqe nümayiş etdirmiş bütün dövlətlərə təşəkkür edərək, Hərəkata üzv dövlətlər tərəfindən ən yüksək səviyyədə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verilmiş dəstəyi, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində göstərdiyi səylərlə həmrəylik nümayişini yüksək qiymətləndirdiyini vurğulayıb.

İclasda iştirak edən Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri çıxış edərək Ermənistanın təxribatını pisləmiş və ölkələri tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyini ifadə etmişlər.


Etiketlər:  Ceyhun Bayramov XİN başçisi kimi fövqəladə iclasa qatıldı FOTO


RƏYLƏR