Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 11:10
Həyasızcasına provokasiya yalnız bir məqsəd daşıyır: Azərbaycanı öz qoşunlarını Qarabağa deyil, məhz qonşu respublikanın ərazisinə yeritməyə məcbur etmək. Niyə Qarabağa yox? Çünki Qarabağ ilə Azərbaycan arasında sərhəd Kollektiv Təhlükəsizlik Müqaviləsinə uyğun gəlmir, Tovuz rayonundakı sərhəd isə bu müqaviləyə uyğun gəlir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həmyerlimiz, rusiyalı kulinar, teleaparıcı və videobloger, əsasən Azərbaycan və özbək mətbəxinə aid kitabların müəllifi Stalik Xankişiyev özünün təqribən yarım milyon izləyiciyə malik "YouTube" kanalında yerləşdirilmiş müraciətində deyib.
O, öz izləyicilərinə Dağlıq Qarabağ münaqişəsinin 30 ildən artıq müddətdə səngiməməsi, sülh danışıqlarının heç bir nəticə verməməsi barədə söhbət açıb. "Lakin sülh prosesi iqtisadi böhran, koronavirus səbəbindən işlərin sadəcə kritik olduğu Ermənistana heç lazım deyil və orada provokasiya törətməyi qərara alıblar. Lakin sərhədləri heç kəs tərəfindən, dünyanın heç bir ölkəsi, o cümlədən Rusiya tərəfindən tanınmayan Qarabağda deyil, əksinə aşkar, anlaşıqlı, beynəlxalq səviyyədə tanınmış sərhəddə. Tovuz, Qazax və Ağstafa yaxınlığında - Azərbaycanın ucqar bir yerində, Gürcüstan ilə sərhədin yaxınlığında boş yerdə, heç bir səbəb olmadan gərgin döyüşlər gedir", - deyə bloger qeyd edib.
S.Xankişiyev vurğulayıb ki, həyasızcasına provokasiya yalnız bir məqsəd daşıyır: Azərbaycanı öz qoşunlarını Qarabağa deyil, məhz qonşu respublikanın ərazisinə yeritməyə məcbur etmək. "Həyasızcasına provokasiya yalnız bir məqsəd daşıyır: Azərbaycanı öz qoşunlarını Qarabağa deyil, məhz qonşu respublikanın ərazisinə yeritməyə məcbur etmək. Niyə Qarabağa yox? Çünki Qarabağ ilə Azərbaycan arasında sərhəd Kollektiv Təhlükəsizlik Müqaviləsinə uyğun gəlmir, Tovuz rayonundakı sərhəd isə bu müqaviləyə uyğun gəlir. Əgər Azərbaycan layiqincə cavab verərsə, o halda qonşu respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müttəfiq qoşunların Qafqaza yeridilməsi və Azərbaycanla müharibədə onların tərəfində çıxış etməsi barədə müraciət etməyə tam haqqı olacaq", - deyə o, bildirib.
Tanınmış bloger "Bu, kimə sərfəlidir?" sualını belə cavablandırıb: "Azərbaycanın Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarusla əla münasibətləri mövcuddur. İqtisadi, mədəni əlaqələr, xalqlar səviyyəsində əlaqələr - hər şey əladır! Azərbaycana qardaş xalqlarla müharibə lazım deyil! Azərbaycan heç vaxt, bütün tarixboyu Rusiyaya xəyanət etməyib, pərdəarxası oyunlar aparmayıb və rus əsgərlərindən istifadə etməklə hansısa döyüşü qazanmağa səy göstərməyib. Qonşu respublikada isə hər şey tərsinədir, o, indi Qafqazda ən iri beynəlxalq qırğın təşkil etməyə, daha bir qaynar nöqtə yaratmağa, sonra isə təcili hərbi və humanitar yardım üçün dünya birliyinə müraciət etməyə çalışır. Bu, KTMT ilə Azərbaycan arasında müharibə olmayacaq, buraya hələ Türkiyə də qoşulacağına, özü də Azərbaycana tərəf olacağına söz verib. Daha bir rus-türk müharibəsi kimə lazımdır?"
S.Xankişiyevin sözlərinə görə, əvvəllər baş vermiş bütün rus-türk, rus-Qafqaz müharibələrində yalnız ermənilər qazanıb. Ermənistanın yaradılmasından ötrü məkan üçün Rusiya öz əsgərlərinin həyatını, digər xalqların həyatını qurban verib. Lakin bu, onlara yenə də azlıq edir!
Bloger deyib: "Mən təkidlə tələb edirəm, məni millətçi hesab etməyin. Mən bütün varlığımla beynəlmiləlçiyəm. Lakin mən azərbaycanlıyam, bununla yanaşı Rusiya vətəndaşıyam. Mən istəmirəm ki, bizim qardaş xalqlarımız yalnız üçüncü tərəfin siyasətçilərinə sərfəli olduğuna görə bir-birinə düşmən olsunlar. Xüsusən də ona görə ki, bu siyasətçilər özlərinin ən çirkin yalanları və avantüraları ilə artıq tanınıblar. Onlar artıq neçə onilliklərdir öz xalqının qarnını yalan uydurmalarla doydurur, bu bədbəxt insanları inandırırlar ki, onlar ən böyük, ən qədim xalqdır, ətrafdakılar isə hamısı öz mədəniyyəti, öz tarixi olmayan köçərilərdir. Onlar özgə ərazilərinin işğalına bəraət qazandırır və xalqı yeni müharibələrə, yeni işğallara ruhlandırırlar".
Bloger faşist Almaniyasından paralellər gətirərək xatırladıb ki, faşistlər və nasistlər məhz belə şüarlarla alman xalqını müharibəyə kökləyirdilər. O deyib: "Onlar bizim torpaqlarımızı işğal etmək və guya dəyərsiz irqə mənsub olan slavyanları qula çevirmək niyyətində idi. Alınmadı! Alman xalqı acı itkilərə və ümidsizliyə düçar oldu. Onlar yalnız AFR-də məsuliyyətli, öz xalqını ölkənin bərpasına səfərbər edən insanların hakimiyyətə gəlişindən sonra firavan yaşamağa başladılar. Bu gün Almaniya cəmi 80 il əvvəl almanlara kifayət etməyəcək dərəcədə darısqal görünən həmin sərhədlər daxilində çox gözəl yaşayırlar! Mən erməni xalqının təbliğata uymamasını, gözlərini açıb yalanı, riyakarlığı və alçaqlığı olduğu kimi görməsini ürəkdən arzulayıram. Onlar başa düşməlidirlər ki, onlar üçün normal həyat yalnız bütün qonşu xalqlarla sülh şəraitində yaşamaqdır, böyük qonşunun tükənməyən yardımına sonsuz bel bağlamağa dəyməz - birincisi, səbrin də həddi var, ikincisi, hər şeyin mütləq sonu olur!"
Bloger kanalın bütün tamaşaçılarından bu videoçarxı bəyənmələrini və yaymaqlarını xahiş edib. O, sonda deyib: "Qoy daha çox inşan bilsin ki, prinsipsiz avantüristlər, Corc Sorosun çörəyi ilə böyüyənlər rusları və digər xalqları hansı çirkin avantüraya cəlb edirlər. Mehriban qonşuluq əvəzinə Qafqazda böyük və qanlı müharibə kimə sərfəlidir? Azərbaycanlılar heç vaxt dalaşqan olmayıb. Biz qonaqpərvər, səxavətli və xeyirxah xalqıq. Lakin 30 il ərzində xalq artıq bezib! Bu günlərdə Azərbaycanın hər yerində kütləvi mitinqlər, nümayişlər, yürüşlər keçirilir! Gənclər, orta yaşlı kişilər hakimiyyət orqanlarından onlara silah verilməsini tələb edir və öz torpaqlarının AZAD OLUNMASI uğrunda döyüşə getmək istəyirlər. 1941-ci ildə bizim babalarımız və ulu babalarımız məhz bu cür - hamı bir nəfər kimi qalxaraq, "Ayağa qalx, nəhəng ölkə" mahnısının sədaları altında qara faşist qüvvələrinə qarşı ölüm-dirim savaşına yollanmışdılar. Bax, azərbaycanlılar bu gün belə əhval-ruhiyyədədirlər! Onları bu həddə çatdırıblar. Onlar haqlıdırlar. Onlar güclüdürlər. Onlarda inamın gücü, həqiqətin gücü tükənməzdir. Bir filmin qəhrəmanı soruşur: qardaş, güc nədədir? Cavab belə olub: güc - həqiqətdədir!"