Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 15:18
Bakı. Trend:
Polşada yaşayan azərbaycanlılar ölkəmizin Polşadakı səfirliyinin önündə erməni təxribatının qarşısını alıblar.
Azərbaycanın Polşadakı Səfirliyindən Trend-ə verilən məlumata əsasən, Erməni-Polyak Sosial Komitəsi tərəfindən sosial şəbəkələrdə Səfirliyin inzibati binasının qarşısında 16 iyul tarixində saat 14:00-da keçiriləcək spontan mitinqə dəvətlə bağlı elan yerləşdirilib.
Bu məlumatdan xəbərdar olan Polşa Azərbaycanlıları Assosiasiyasının və Polşa Azərbaycanlıları Şurasının üzvləri, habelə mitinqdən xəbər tutan bir çox Azərbaycanlı müstəqil şəkildə təşkilatlanaraq 16 iyul tarixində Azərbaycan Səfirliyinin önündə toplaşıblar.
Səfirlik tərəfindən hazırlanmış Ermənistanın təcavüzkar siyasətini, iki ölkənin sərhədində Tovuz istiqamətində törətdikləri hərbi təxribatı ifşa edən böyük ölçülü transparantlar, ermənilərin Xocalıda göstərdikləri vəhşilikləri əks etdirən foto şəkillər öncədən səfirliyin inzibati binasını iki tərəfdən əhatə edən hasarın üzərinə yerləşdirilmişdir. Bununla yanaşı, Ermənistanın təcavüzünə, Xocalı soyqırımına, Ermənistanın Azərbaycan ərazilərinin işğalının nəticəsinə və Dağlıq Qarabağ mövzusuna həsr edilmiş Səfirlik tərəfindən əvvəllər polyak dilində hazırlanmış kitabçalar, təşviqat materialları Səfirliyin önündə masa üzərində təqdim edilmiş və səhərdən etibarən yol ilə hərəkət edən polyaklara paylanmışdır.
Səfirliyin önündə toplaşan 100-dək Azərbaycanlı Səfirlikdə quraşdırılmış səsgücləndiricilər vasitəsilə Azərbaycan himni, Milli marş (Azərbaycan əsgəri), Sarı gəlin, Koroğlu operasının üverturası, Cəngi, Dalğalanırdı Qara Dəniz, M.Maqomayevin ifasında Azərbaycan mahnısı və digər Azərbaycan musiqilərinin sədası altında bayraqlarla və şüarlarla ermənilərin qarşısına çıxıblar. Ermənilərin keçirdiyi nümayişdə cəmi 20-dək erməni iştirak edib.
Səfirlik tərəfindən görülmüş qabaqlayıcı tədbirlərin və azərbaycanlıların aktivliyinin nəticəsi olaraq ermənilər öz aksiyalarını Səfirlikdən xeyli aralıda polis avtobuslarının əhatəsində diqqəti gözlədikləri kimi cəlb etmədən və gözlənilən effekt vermədən keçirtmək məcburiyyətində qalıblar.
Beləliklə, bu aksiya Erməni-Polyak Sosial Komitəsinin təşəbbüsü ilə keçirilsə də onlar gözlənilən nəticəni əldə etməyib, əksinə Ermənistanın təcavüzkar siyasətinin Polşa ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edib.
Səfir Həsən Həsənov və səfirliyin əməkdaşları tam tərkibdə əvvəldən sonadək bilavasitə həmvətənlərimizin yanında olub, aksiyadan sonra azərbaycanlılar Səfirliyin binasına dəvət edilib və səfir Həsən Həsənov onlara Azərbaycandakı vəziyyət, Ali Baş Komandanın fəaliyyəti, ordumuzun cəsarətli döyüşləri barədə məlumat verib. İştirakçılar çıxışda söylənilən mövqeləri yekdilliklə qarşılayıb və Ali Baş Komandana dəstəklərini ifadə ediblər.
Sonda Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri Xəlil Həsənov və Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tərəfindən Ali Baş Komandana ünvanlanan müraciət oxunub və yekdilliklə qəbul edilib.