Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Prezidentin sərəncamı böyük taktiki, cari və strateji əhəmiyyəti olan bir sənəddir''

''Prezidentin sərəncamı böyük taktiki, cari və strateji əhəmiyyəti olan bir sənəddir''

Tarix: 22 Iyul 2020 09:39

Prezidentin Tovuzdakı erməni təxribatının ziyanlarının aradan qaldırılması ilə bağlı sonuncu sərəncamı tarixi əhəmiyyətlidir, dəyərlidir.

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" sərəncamını şərh edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin bu sərəncamı erməni təcavüzünün nəticələrinin tanıdılması, hesablanması yönündə dövlətimizin apardığı siyasətin tərkib hissəsi olan bir addımdır:

"Bu, hər şeydən əvvəl erməni təcavüzünün əsl mahiyyətini və onun Azərbaycana vurduğu maddi-mənəvi ziyanlar haqqında dünyada daha dəqiq və mübahisəsiz bir rəy yaradılmasında müstəsna dərəcədə rol oynayan addımdır. Eyni zamanda, Prezident İlham Əliyevin bu sərəncamı 1988-ci ildən başlayaraq indiyənə qədər, 30 ildən artıq bir dövr ərzində davam edən və ölkəmizə böyük maddi-mənəvi ziyanlar vurmuş erməni təcavüzünün nəticələrinin tanıdılması, hesablanması yönündə dövlətimizin apardığı siyasətin tərkib hissəsi olan bir addımdır. Çünki artıq xeyli vaxtdır ki, məhz Azərbaycan Prezidentinin qərarı ilə erməni təcavüzü nəticəsində Azərbaycana dəymiş maddi-mənəvi ziyanların hesablanması istiqamətində fəaliyyət göstərən ayrıca qurum da yaradılıb. Düşünürəm ki, cənab Prezidentin bu sərəncamı erməni təcavüzünün Azərbaycana vurduğu ziyanların tam şəkildə hesablanması, vurduğu ziyanların aradan qaldırılması, bərpa olunması və gələcəkdə Azərbaycana vurulmuş bu ziyanın təcavüzkar dövlət tərəfindən məcburi şəkildə ödətdirilməsi üçün bir zəmin hazırlamaq baxımından çox əhəmiyyətlidir". 

Ekspert qeyd edib ki, Prezidentin sərəncamı Tovuzda ermənilərin vurduğu o ziyanların bərpa olunması istiqamətində qısa müddətdə elə bir nəticə ortaya qoyacaq ki, Azərbaycan dövlətinin potensialı bir daha nümayiş olunacaq:

"Prezidentin sərəncamının taktiki, cari və strateji əhəmiyyətindən danışmaq istəyirəm. Onun taktiki, cari əhəmiyyəti bundan ibarətdir ki, həmin bölgədə, hətta Ermənistanla sərhəddən 8-10 kilometr aralıda olan kəndlərə belə vurulmuş ziyanların bərpa olunması və infrastrukturun bərpa edilməsi üçün çox əhəmiyyətli bir proses başladacaq. Yəni, burada yaşayan insanlara, iş adamlarına, dövlətə dəyən ziyanın, dağılmış infrastrukturun bərpa olunması, ilk növbədə, orada yaşayan insanların rifahı, həyatı üçün və o torpaqlarda daha ürəklə və bağlı şəkildə yaşamasına zəmin yaratmaq üçün çox əhəmiyyətlidir. Digər tərəfdən həmin ərazilərin bərpa olunması Ermənistanı, eləcə də bütün dünya qüvvələrinə Azərbaycanın nə qədər güclü iqtisadi potensiala malik olduğunu nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Yada salsaq ki, Lələtəpədə ermənilərin böyük dağıntılarının nəticələri çox qısa müddətdə aradan qaldırıldı və hətta çoxları da o zamana qədər inanmırdılar ki, bu dəhşətli dağıntıları belə bərpa etmək və gözəl bir mənzərə yaratmaq mümkündür. Eyni ilə də əminəm ki, Prezidentin sərəncamı Tovuzda ermənilərin vurduğu o ziyanların bərpa olunması istiqamətində qısa müddətdə elə bir nəticə ortaya qoyacaq ki, Azərbaycan dövlətinin potensialı bir daha nümayiş olunacaq. Bu sərəncamın böyük starteji əhəmiyyəti də var, çünki əvvəla Ermənistanın təcavüzünün Azərbaycana nə qədər maddi ziyan vurduğunu, dağıdıcı rol oynadığını dünyaya göstərmək baxımından əhəmiyyətlidir. Digər tərəfdən isə artıq dediyim kimi, erməni təcavüzü nəticəsində dəymiş ziyanın bərpa olunması və gələcəkdə bu ziyanların beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistandan Azərbaycanın xeyirinə müsadirə olunması və ödətdirilməsi istiqamətində böyük bir proses aça bilər. Buna görə də Prezidentin sərəncamı böyük taktiki, cari və strateji əhəmiyyəti olan bir sənəddir".

Təhməz Təkin


Etiketlər:  Prezidentin sərəncamı böyük taktiki cari strateji əhəmiyyəti olan sənəddir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ