Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: Azərbaycan həmsədrlərdən Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözləyir

Hikmət Hacıyev: Azərbaycan həmsədrlərdən Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözləyir

Tarix: 23 Iyul 2020 22:42

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözləyir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "Kommersant" qəzetinə müsahibəsi zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Azərbaycan danışıqlar prosesinə sadiqdir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və azərbaycanlı qaçqınların evlərinə qayıtmasını təmin etmək məqsədilə biz həmsədrlərdən əsaslı danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı konkret planlar, konkret təkliflər gözləyirik".

H.Hacıyev qeyd eidb ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsi Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən törədilmiş təxribat və hərbi-siyasi avantüra idi:

"Biz bunu təcavüz aktı, terror aktı, o cümlədən Azərbaycana qarşı silahlı qüvvələrin qanunsuz istifadəsi və dövlət sərhədini pozmaq cəhdi kimi qiymətləndiririk".

Prezidentin köməkçisi qeyd edib ki, bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri və bütün beynəlxalq ictimaiyyət tərəfindən fəaliyyətin gücləndirilməsinin zəruriliyini bir daha vurğulayır:

"Regional sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyi - münaqişənin həll edilməmiş olmasıdır. Və son vəziyyətin kəskinləşməsi bir daha göstərdi ki, erməni tərəfi bölgədəki vəziyyəti gərginləşdirmək, təmas xətti və iki ölkə arasındakı dövlət sərhədi boyunca gərginlik və eskalasiya yaratmaq üçün həmişə belə hərbi avantüralardan istifadə edir".

H.Hacıyev vurğulayıb ki, Ermənistanın Şərq-Qərb xəttində nəqliyyat, o cümlədən enerji kommunikasiyaları üçün təhlükə yaratmaq üzrə strateji niyyəti var. Bundan əlavə, Ermənistanda daxili vəziyyət gərginləşir. Bu yolla Ermənistan hakimiyyəti əhalinin diqqətini ölkədəki daxili problemlərdən yayındırmaq istəyir:

"Bununla yanaşı, erməni tərəfi münaqişəyə üçüncü tərəfləri, o cümlədən daimi üzvü olduğu hərbi-siyasi alyansları da cəlb etməyə çalışır. Lakin bu təşkilatın üzvü olan ölkələr erməni tərəfinin niyyətlərini tam anlayaraq müxtəlif səviyyələrdə fikirlərini bildirdilər. Azərbaycanın, Ermənistan istisna olmaqla, bu təşkilatın bütün üzv ölkələri ilə dostluq əlaqələri var. Erməni tərəfinin hiyləgər cəhdləri uğursuz oldu".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun işindən məmnun deyil: "Mən onlara açıq şəkildə dedim ki, onların mesaj çatdırmaqdan ibarət olan iş mexanizmləri qeyri-effektivdir. Onlar erməni tərəfindən hansısa məlumatlar alırlar, bu məlumatları bizə çatdırırlar və sonra tərsinə. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqınların doğma torpaqlarına qayıtması üzrə konkret plan olmalıdır. Unutmayın ki, qrupun üç həmsədri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bir daha təkrar edim ki, ortada hərbi işğal faktı var. Həmsədrlər bu fakta siyasi və hüquqi qiymət verməlidirlər və biz bunun əsasında irəliləməliyik. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərəkətləri, o cümlədən qanunsuz köçürülmələr danışıqlar prosesinin mənasını tamamilə məhv edir. 2005 və 2010-cu illərdə ATƏT-in qiymətləndirmə missiyaları Azərbaycanın işğal olunmuş ərazilərində bir çox qanunsuz fəaliyyət faktlarını aşkar edib. Bu məsələlər üzrə biz həmsədrlər tərəfindən konkret mövqe görmürük. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi həmsədrlərin mandatını təşkil edir. Başqa sözlə, onların əsas məqsədi bu qətnamələrin tələblərinin yerinə yetirilməsi olmalıdır".


Etiketlər:  Hikmət Hacıyev Azərbaycan həmsədrlərdən Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözləyir


RƏYLƏR