Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 09:51
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb.
Sonxeber.net-ın məlumatına görə, bəyanatda deyilir:
"Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi təcavüz fonunda, dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimiz və soydaşlarımıza qarşı radikal erməni qrupları tərəfindən barbarcasına mütəşəkkil hücumlar təşkil edilib. Bütün bunlar Ermənistan rəhbərliyinin illərlə yürütdüyü Azərbaycanfobiya siyasətinin nəticəsidir və hazırkı Paşiniyan hakimiyyəti də bunu təşviq edir. Vaxtilə azərbaycanlıları hədəfə alan nifrət kampaniyaları Azərbaycan xalqının əsrlərdir yaşadığı ata-baba yurdlarından etnik təmizləməyə məruz qalması ilə nəticələnmişdi. Təəssüflər olsun ki, indi Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq. Amma Ermənistan rəhbərliyinin bizə qarşı nifrət aşılayaraq, Azərbaycan Respublikasından yeni ərazi qoparmaq planları bu dəfə tam iflasa uğrayacaq və əks effekt verəcək. Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyən bəyanat və çağırışlarımız nəinki Ermənistan tərəfindən qəbul edilməyib, hətta bizim mövcudluğumuz inkar edilmiş və bizlər Ermənistan rəhbərliyinin əlaltıları tərəfindən nifrət dolu mesajlara məruz qoyulmuşuq. Soydaşlarımızın dünya boyu sərgilədiyi vətəndaş mövqeyi bizi hədsiz ruhlandırır. İstər səngərdə, istərsə də xarici ölkələrdə Azərbaycan bayrağına nifrət dolu gözlərlə baxan ASALA təfəkkürlü ermənilərin qarşısında möhkəm dayanan bütün azərbaycanlı qardaş və bacılarımızla qürur duyuruq! Dəyərli soydaşlarımızı erməni təxribatlarına uymadan soyuqqanlı davranmağa və özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq".