Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 21:15
Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 29-da Şəkidə modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür.
Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır".