Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Polis bilərəkdən onları rezin güllələrə və gözyaşardıcı qaza "qonaq etmişdi""

Tarix: 31 Iyul 2020 13:03

Uzun illərdir ki, Azərbaycanda baş verən ən müxtəlif cinayət faktlarının qarşısının alınması istiqamətində həyata keçirilən hüquqi tədbirlərin necə siyasiləşdirildiyinin şahidi oluq. Hansısa "yollarla" haqlarında məhkəmə hökmü olan, məhkəmə qaydasında cinayət əməlləri sübuta yetirilmiş qatillərin, oğruların, quldurların, Azərbaycanın konstitusion dövlət quruluşunun dəyişdirilməsinə cəhd göstərənlərin, dələduzların, insan alverçilərinin, narkotik ticarətçilərinin və daha kimlərin adları yerli və xarici "hüquq müdafiəçiləri"nin "siyahıları"nda sıralanır və ölkəmizə tərəf total "hürüşmə" kampaniyalarına start verilir. Həm də çox həyasızcasına, heç bir tutarlı fakta istinad etmədən, arqument gətirmədən.

Bunu Milli.Az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanda ictimai asayişi pozanlara qarşı inzibati qaydada tədbirlər görəndə də bu, sanki, kimlərəsə ölüm hökmü kəsildiyi və hətta yerinə yetirildiyi kimi təqdim olunur: "Amma ölkəmizin sərhədlərindən kənarda, xüsusilə də qanlı dişlərin demokratiya pərdəsi arxasında gizlədildiyi, geosiyasi proseslərin "Hellouin" mərkəzlərində insanların sərbəst toplaşmaq hüquqlarının pozulması, söz və fikir azadlığının məhdudlaşdırılması, dinc nümayişçilərin mülki geyimli polis qüvvələri tərəfindən, sözün əsil mənasında, hər kəsin gözü qarşısında oğurlanması adi hal kimi qarşılanır, yaxud üzərindən sükutla keçilir.
Bir sıra ölkələrdə, o cümlədən ABŞ-da insan hüquq və azadlıqlarının pozulması halları o qədər adiləşib ki, insanların günün günorta çağı, heç bir dəlil-subut və məhkəmə qərarı olmadan zorla maşınlara otuzdurularaq aparılması "ictimai asayişin qorunması" ilə bağlı tədbirlərin ayrılmaz hissəsinə çevrilib".

"Məsələn, ABŞ-ın nüfuzlu "New York Times" qəzetinin yazdığına görə, Nyu-York şəhərində keçirilən mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə edərək, mitinq iştirakçılarını qeydiyyat nişanı olmayan mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıblar. Polis sonradan saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı dəlilləri ictimaiyyətə təqdim etməyi "unudub" və sonradan, ümumiyyətlə, belə dəlillərin olmadığı ortaya çıxıb.

Aksiyalarda təkçə nümayişçilərə deyil, jurnalistlərə qarşı da zorakılıq aksiyaları baş verib. Bir neçə gün öncə polislərin atdığı rezin güllələrdən gözündən xəsarət alan jurnalist Trip Cenninqs iyulun 30-da Portlenddə keçirilən aksiya zamanı kürəyindən bıçaqlanıb", - E.Mirzəbəyli qeyd edib.

"Qeyd edim ki, bir neçə gün öncə aksiyaları işıqlandıran xarici jurnalistlərə, o cümlədən Rusiyalı reportyorlara da polis tərəfindən zor tətbiq edilmişdi. Polis qüvvələri bilərəkdən onları rezin güllələrə və gözyaşardıcı qaza "qonaq etmişdilər".

Bu ilin son 3 ayı ərzində ABŞ-da kütləvi aksiyalar zamanı tətbiq edilən zorakılıq aktları 1968-ci ilin hadisələri ilə müqayisə olunur", - ekspert bildirib.

"Yenə də "New York Times" qəzetinin yazdığına görə, polislərin nümayişçiləri zorla mikroavtobuslara mindirirək naməlum istiqamətə aparmaları, ümumiyyətlə aksiyalarda iştirak etməyən insanları da narahat edib. Baş verənlərlə bağlı videogörüntüləri izləyən ABŞ Hərbi Dəniz Qüvvələrinin 53 yaşlı veteranı Kristofer Devid məsələni aydınlaşdırmaq üçün federal güc syrukturlarının nümayəndələrinə yaxınlaşıb və nəticədə polsilər onun qolunu sındırıblar.
Baş verənlər Birləşmiş Ştatlarda ciddi narahatlığa və etrazlara səbəb olsa da, Azərbaycanda baş verən ən sıradanbir kriminal hadisəyə belə mikroskop altında baxan dairələr və onların ölkəmizdəki "beşinci təkərləri" susmaqda davam edirlər.

Amma Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tamamilə əks tərəfədən təqtim olunur, onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər.

Qeyd edim ki, ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlər artıq 3 aydır ki, davam edir. Nümayişçilərə qarşı tətbiq edilən zorakılıq halları da həmçinin.
Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir. ABŞ rəsmiləri isə öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarır. Öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri halda, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər", - E.Mirzəbəyli deyib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Polis bilərəkdən onları rezin güllələrə gözyaşardıcı qaza qonaq etmişdi


RƏYLƏR